Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev (foto: internet)
Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsi istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacaq.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev mətbuat konfransında belə
deyib (APA).
O bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır.
“Ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitlik yaranacağını düşünürük” deyə, Əliyev əlavə edib.
Nazir müavini həmçinin qeyd edib ki, Dövlət Proqramında ölkənin ət məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılması nəzərdə tutulur.
Zaur Əliyev vurğulayıb ki, son illərdə dünyada ət qiymətlərində artım müşahidə olunur. Bu artıma pandemiyadan sonra logistika, yem və digər istehsal xərclərinin yüksəlməsi təsir edib.
Onun sözlərinə görə, heyvandarlıqda əsas maya dəyəri elementi yemdir və yem istehsalında məhsuldarlığın artırılması gələcəkdə ət istehsalının maya dəyərinin azalmasına imkan verəcək.
Amma nazir müavinin açıqlamasında bir neçə mühüm məqam kölgədə qalıb.
Məsələn, onun dediyi kimi, qiymətlər istehsalın artmasıyla sabitləşəcəksə, istehsal niyə artmır?
Son illərdə Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur. İqtisadçılar və bazar iştirakçıları dəfələrlə qeyd ediblər ki, bu azalma bazara çıxarılan ətin həcmini məhdudlaşdırır. Məsələn, 2021–2025-ci illər ərzində ibuynuzlu heyvanların sayı təxminən 7%, xırdabuynuzluların sayı isə təxminən 15% azalıb.
Yəni problem təkcə məhsuldarlıq deyil, həm də heyvandarlıq fondunun daralmasıdır. Nazir müavini bu məqama toxunmur.
Özünütəminetmə rəqəmləri yüksəkdir, amma qiymətlər yenə artır
Nazir müavini bildirir ki, mal ətində özünütəminetmə 83,7%, qoyun ətində 94,2%, quş ətində 82%-dir.
Bu statistika doğrudursa, məntiqi sual yaranır: niyə yüksək özünütəminetmə şəraitində qiymətlər davamlı artır?
2025-ci ildə sümüklü mal əti 14,46 manatdan 16,09 manata, sümüksüz mal əti 17,56 manatdan 19,57 manata, qoyun əti isə 21-22 manatdan 30 manata qalxıb (“Monetar.az”).
Bu o deməkdir ki, özünütəminetmə göstəricisi yüksək olsa da, bu məqam avtomatik olaraq qiymət sabitliyi yaratmayıb.
Bütün məsuliyyət xarici amillərin üzərinə qoyulur
Nazir müavini əsas səbəb kimi pandemiyadan sonrakı logistika xərclərini, yem qiymətlərini, dünya bazarlarındakı bahalaşmanı göstərir.
Doğrudur, bunlar real amillərdir, amma daxili problemlərlə bağlı informasiya, demək olar ki, yoxdur.
Halbuki qiymətə təsir edən amillərin mühüm hissəsi məhz bunlardır:
– örüş sahələrinin azalması;
– yem bitkiləri əkinlərinin məhdudluğu;
– kiçik fermerlərin maliyyəyə çıxış çətinlikləri;
– heyvandarlığın məhsuldarlıq göstəricilərinin aşağı olması;
– vasitəçi zəncirinin uzunluğu.
“Maya dəyərini azaldacağıq” – necə?
Nazir müavini dəfələrlə maya dəyərinin azaldılacağını deyir, amma konkret mexanizm açıqlamır.
Məsələn, yem subsidiyaları artırılacaqmı?
Yeni otlaq proqramları olacaqmı?
İdxal yemindən asılılıq azalacaqmı?
Damazlıq heyvandarlıq genişləndiriləcəkmi?
Bu suallar cavabsız qalır.
Əsas problem: qiymət yox, əlçatanlıq
Nazir müavini bazarın sabitləşməsi barədə danışıb. Amma istehlakçı üçün əsas məsələ qiymətin sabit qalması deyil, əlçatan olmasıdır.
Əgər mal ətinin qiyməti 19–20 manat səviyyəsində sabitləşirsə, bu, qiymət sabitliyi sayıla bilər. Amma əhalinin gəlirləri həmin sürətlə artmırsa, istehlakçı üçün problem həll olunmamış qalır.
Beləliklə, Zaur Əliyev üç vacib məqamın üzərindən sükutla keçib.
1. Heyvan sayının azalması problemi.
2. Yüksək özünütəminetməyə baxmayaraq davam edən bahalaşma.
3. Maya dəyərinin konkret hansı mexanizmlərlə azaldılacağının açıqlanmaması.
Buna görə də nazir müavinin açıqlaması daha çox niyyət bəyanı təsiri bağışlayır. Əliyev qiymət artımının səbəblərini qismən izah etsə də, onn dedikləri son illərdə ət bazarında yaranmış struktur problemlərini tam əhatə etmir.
“Politfm”



