Foto: internet



Yaxın Şərqdəki münaqişə dünyanın enerji və gübrə kimi kritik xammal tədarükünü əhəmiyyətli dərəcədə pozduğu üçün bu il iqtisadi artım zəifləyəcək, inflyasiya sürətlənəcək.

Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) məlumat verib.

Təşkilat qeyd edib ki, qlobal iqtisadiyyatın artım tempinin ötənilki 3,4 faizdən 2.8 faizə enəcəyi, gələn ilsə yenidən 3,1 faizə yüksələcəyi gözlənilir. Bu proqnozlar enerji qiymətlərinin artıq pik həddə çatdığı və ya çatacağı, daha sonra isə Fars körfəzində enerji hasilatının bərpası, hava və gəmiçilik marşrutlarının tam fəaliyyətə başlamasıyla gərginliyin tədricən azalacağı ehtimalına əsaslanır.

ABŞ, Çin və Avropa İttifaqının da daxil olduğu Böyük İyirmilik (G20) ölkələrində inflyasiyanın bu il orta hesabla 4 faiz, gələn il isə 3,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bu, təşkilatın təxminən iki ay əvvəl 2027-ci il üçün verdiyi əvvəlki proqnozdan daha yüksəkdir.

Mənzil-qərargahı Parisdə yerləşən və əsasən inkişaf etmiş iqtisadiyyatları birləşdirən (baxmayaraq ki, proqnozlara üzv olmayan ölkələr də daxildir) İƏİT-in çərşənbə günü dərc olunmuş hesabatında deyilir:
“Yaxın Şərq münaqişəsinin gedişatı qeyri-müəyyən olaraq qalır, lakin onun iqtisadi nəticələri, yəqin ki, münaqişə həll edildikdən sonra da bir müddət hiss olunacaq”.

Təşkilatın bildirdiyinə görə, qlobal iqtisadiyyat 2026-cı ilə gözləniləndən daha güclü qədəm qoymuşdu və daha çox böyümə istiqamətində irəliləyirdi. Amma İrana qarşı müharibə iqtisadçıları proqnozları yeniləməyə və gələcəkdə baş verə biləcək yeni böhranlar barədə xəbərdarlıq etməyə vadar edib.

“Qeyri-müəyyənliklə bağlı əsas problem təkcə enerji böhranının dərinliyi ilə məhdudlaşmır” – İƏİT-in baş iqtisadçısı Stefano Skarpetta belə deyib.
Onun sözlərinə görə, digər naməlum amillər qlobal kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən gübrə və yarımkeçiricilərin istehsalında kritik rol oynayan helium kimi malların tədarüküylə bağlıdır.

Skarpetta həmçinin əlavə edib ki, regionun enerji infrastrukturuna dəymiş ziyanın miqyası da qeyri-müəyyən olaraq qalır.

Artıq həm aprel, həm də may aylarında neft ehtiyatları kəskin şəkildə – 100 milyon barreldən çox azalıb. Bu, xüsusilə Yaxın Şərq idxalından ciddi şəkildə asılı olan Hindistan, Filippin və Vyetnam kimi Asiya ölkələri üçün problemlər yaradır. Bəzi ölkələrin neftayırma zavodlarının daha çox neft məhsulları istehsal etməsi üçün minimum xam neft ehtiyatları var.

Təşkilatın daha optimist ssenarisində belə, bəzi iqtisadiyyatlarda, xüsusilə Asiyada müəyyən qədər məhdud enerji çatışmazlığının ola biləcəyi bildirilir.
Bununla belə, təşkilat qeyd edir ki, süni intellektə yönələn böyük investisiyalar və hökumətin təcili xərcləri qısamüddətli perspektivdə artımı dəstəkləməyə kömək edəcək.
Ev təsərrüfatları isə xərclərini davam etdirmək üçün yığımlarından bir növ “müdafiə balışı” (bufer) kimi istifadə edə bilərlər.

ABŞ-də artım tempi 2025-ci ildəki 2,1 faizdən bu il bir qədər azalaraq 2 faizə, gələn il isə 1,8 faizə enəcək. Avrozonaya daxil olan ölkələr qrupunda isə artım tempi bu il təxminən yarıbayarı azalaraq 0,8 faizə düşəcək, gələn il isə yenidən bərpa olunaraq 1,2 faiz təşkil edəcək.

Lakin İƏİT daha pessimist ssenarinin fəsadlarını da qeyd edib. Bu ssenariyə əsasən, enerji qiymətləri gələn ilin sonunadək yüksək qala, yanacaq, gübrə və sənaye təyinatlı malların qıtlığı isə daha da kəskinləşə bilər.

Daha az bədbin ssenari ilə müqayisədə gələn il qlobal inflyasiya bir faiz bəndindən daha yüksək olacaq. Təşkilatın bildirdiyinə görə, işsizlik artacaq və böyük enerji sərfi tələb edən Sİ (Süni İntellekt) də daxil olmaqla, investisiyalar “əhəmiyyətli dərəcədə” zəifləyəcək. Qlobal iqtisadi artım bu il kəskin şəkildə – 2,1 faizə qədər geriləyəcək və gələn il daha da zəifləyərək 1,8 faizə düşəcək. Bəzi ölkələr resessiyaya (iqtisadi tənəzzülə) sürüklənəcək.

“Bu, qlobal iqtisadiyyatın son 25 ildəki orta artım tempinin yarıbayarı azalması deməkdir. Bu isə, təbii ki, ev təsərrüfatlarının və şirkətlərin çox ağır bir vəziyyətlə üzləşəcəyi anlamına gəlir” – Skarpetta belə deyib.

 

“Politfm”