Foto: Saul Loeb/AFP
Ermənistan və ABŞ “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsi üzrə saziş imzalayıblar.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sənədi iyunun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio imzalayıblar.
TRIPP üzrə çərçivə sazişi mayın 26-da Rubionun Yerevana səfəri çərçivəsində paraflanmışdı.
Birgə şirkətin yaradılması
İyunun 3-də ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Direktorlar Şurası ABŞ və Ermənistanın birgə müəssisəsi olacaq TRIPP Development Company şirkətinin yaradılmasını təsdiqləyib. Layihə DFC-nin ümumi həcmi 2,5 milyard dollarlıq yeni strateji investisiyalar paketinə daxil edilib.
DFC-nin yaydığı məlumata görə, şirkət ticarətin, nəqliyyatın və iqtisadi inkişafın dəstəklənməsinə, həmçinin beynəlxalq, dövlətlərarası və ölkədaxili nəqliyyat əlaqələrinin genişləndirilməsinə xidmət edəcək.
Korporasiya bildirib ki, layihə Ermənistan və Azərbaycan arasında imzalanmış sülh bəyannaməsinə, eləcə də TRIPP üzrə çərçivə sazişinə əsaslanır. Şirkət dəmir və avtomobil yolları, boru kəmərləri, optik lif xətləri və digər infrastruktur layihələrinin həyata keçirilməsinə dəstək verəcək.
DFC həmçinin qeyd edib ki, layihə üzrə öhdəliklərin rəsmiləşdirilməsi və yekun qərarların qəbulundan əvvəl əlavə prosedurlar, o cümlədən ABŞ Konqresinin məlumatlandırılması tələb oluna bilər.
TRIPP layihəsi haqqında
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio 2026-cı il yanvarın 13-də Vaşinqtonda “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi üzrə çərçivə prinsiplərinə dair birgə bəyanat yayıblar.
Sənəd Ermənistan ərazisindən keçən multimodal tranzit bağlantısı mexanizminin yaradılmasını nəzərdə tutur. Layihə Azərbaycanın əsas hissəsiylə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin edilməsini və marşrutun Transxəzər Ticarət Dəhlizinə inteqrasiyasını da əhatə edir.
Ermənistan hökuməti layihənin icrası üçün yaradılacaq TRIPP Development Company şirkətinə ilkin olaraq 49 il müddətinə fəaliyyət hüququ verməyi planlaşdırır.
Şirkətin səhmlərinin 74%-inin ABŞ-yə, 26%-inin isə Ermənistana məxsus olması təklif edilir. Müqavilənin daha 50 il müddətinə uzadılması halında səhmlər üzrə pay bölgüsünün dəyişdirilməsi nəzərdə tutulur.
DFC haqqında
ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (International Development Finance Corporation – DFC) ABŞ hökumətinin beynəlxalq investisiya qurumudur və Vaşinqtonun iqtisadi siyasətinin əsas alətlərindən biri hesab olunur.
DFC ABŞ-nin xarici siyasət məqsədlərinin və iqtisadi inkişaf təşəbbüslərinin dəstəklənməsi üçün özəl kapitalın səfərbər edilməsiylə məşğuldur.
“Politfm”



