Foto: “Reuters”
Dəniz bəzən o qədər sakit olur ki, kapitan Həsən Xan gəmisinin artıq üç aydır ki, müharibə zonasının ortasında ilişib qaldığını unudur.
Əsl adının açıqlanmasını istəməyən pakistanlı dənizçi deyir:
— Çox qəribə hissdir. Kənardan hər şey normal görünür, amma gəminin içində heç kim rahat deyil.
Fars körfəzinin bu hissəsində həyat zahirən əvvəlki axarında davam edir. Əslində isə vəziyyət tam fərqlidir. Fevralın sonundan bəri Xan və daha 20 minə yaxın dənizçi ABŞ və İsrailin İranla müharibəsinə görə Hörmüz boğazında faktiki olaraq mühasirədə qalıb.
Vaxtilə dünya neft və qaz ticarətinin təxminən 25%-ini əhatə edən, dünyanın ən işlək dəniz yollarından biri hesab olunan Hörmüz boğazı indi, demək olar ki, iflic vəziyyətindədir. Səmada raketlər uçur, suyun altında isə minalar yerləşdirilib.
Buna baxmayaraq kapitan Xanın gəmisində heyət iş rejimini qorumağa çalışır. Sahilə çıxmaq üçün nadir icazələrdən istifadə etmək istəyən, demək olar ki, yoxdur. Bir zamanlar gəmidə eşidilən zarafatların yerini indi təkəmseyrək telefon siqnallarının pozduğu narahat sükut tutub.
Dənizçilər ən kiçik səsdən belə diksinirlər, hətta yuxuda da.
– Stress bizi bir an belə tərk etmir. Hamı tükənib – həm fiziki, həm də mənəvi baxımdan tükənib – Xan belə deyir.
Hörmüz boğazı və təchizat böhranı
Beynəlxalq Dəniz Təşkilatının (IMO) hesablamalarına görə, Hörmüz boğazının “yanlış tərəfində” təxminən 1600 gəmi var. Hətta raket və mina təhlükəsi olmasa belə, onlar bölgəni tərk edə bilməzlər.
Müharibə başlayandan bir neçə gün sonra İran Fars körfəzindən bu yeganə çıxışı bağlayıb və onun icazəsi olmadan heç bir gəminin keçməsinə imkan verməyəcəyini bəyan edib.
Başqa bir gəminin kapitanı Şafikul İslam vəziyyəti belə təsvir edir:
– Sanki kiçik bir göldə tələyə düşmüşük. Buradan yalnız bir çıxış yolu var və o da Hörmüz boğazıdır.
O, Banqladeşə məxsus “Banglar Joyjatra” gəmisinin kapitanıdır. Gəmidə Cənubi Afrikaya çatdırılmalı olan 37 min ton gübrə var.
Son aylarda İslam bölgəni iki dəfə tərk etməyə cəhd göstərib.
Hər iki cəhd uğursuz olub.
İslam eşidib ki, aprelin 8-də atəşkəs elan ediləndən sonra İran İnqilab Keşikçiləri Korpusu bir gəmiyə boğazdan keçməyə icazə verib. Ona görə də daha dörd gəmiylə birlikdə körfəzdən çıxış istiqamətində hərəkətə başlayıb.
Amma çox keçmədən onlara dayanmaq əmri verilib.
Doqquz gün sonra İran boğazın atəşkəs şərtlərinə uyğun olaraq bütün ticarət gəmiləri üçün tam açılacağını açıqlayanda İslam yenidən çıxmağa cəhd göstərib.
Ancaq ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı qüvvədə saxladığı üçün Tehran qısa müddət sonra bu qərarını geri götürüb.
Həmin vaxt İslamın gəmisi boğazdan cəmi 30 dəniz mili uzaqlığında idi.
Radio vasitəsilə çatdırılan hücum xəbərdarlıqları davam etdiyi üçün kapitanın gəmini geri döndərməkdən başqa çarəsi qalmayıb.
Hazırda gəmilər ya müxtəlif limanlara çəkiliblər, ya da Fars körfəzində açıq dənizdə lövbər salaraq gözləyirlər.
Ərzaq və içməli su təchizatıyla bağlı problemlərsə getdikcə daha da kəskinləşir.
Hörmüz boğazı və təchizat
Fars körfəzi regionunda, xüsusilə Dubay, Əbu-Dabi və Küveyt ətrafında yaxşı təşkil olunmuş təchizat xidmətləri fəaliyyət göstərdiyindən, gəmiləri limanlara daxil etmədən də ərzaq və suyla təmin etmək mümkündür. Amma hazırda çatdırılma əvvəlki kimi etibarlı deyil.
“Banglar Joyjatra” gəmisinin baş mexaniki Raşedul Həsənin sözlərinə görə, zəruri ehtiyaclar arasında ən kəskin bahalaşma içməli suda müşahidə olunur.
– İki gün əvvəl gəmi üçün təxminən 180 ton su aldıq. Əvvəllər bu qədər suyun qiyməti 1500–2000 dollar idi, indi isə 11 min dollar ödəyirik – Həsən belə deyir.
Başqa bir gəmidə çalışan və adının açıqlanmasını istəməyən koreyalı dənizçi də hesab edir ki, bəzi təchizatçılar vəziyyətdən sui-istifadə etməyə çalışırlar:
– Belə görünür ki, ərzaq və su təchizatçılarının bir qismi yaranmış vəziyyətdən maksimum qazanc əldə etmək istəyirlər.
Yay yaxınlaşdıqca vəziyyət daha da mürəkkəbləşə bilər. May ayında havanın temperaturu artıq 30 dərəcəni keçib, yay aylarında isə 45 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
Kapitan Xanın sözlərinə görə, onların gəmisində hələlik kifayət qədər ərzaq və su ehtiyatı var. Mal əti və toyuq əti tapmaq mümkündür, amma tərəvəz və mərcimək kimi məhsullar almaq getdikcə çətinləşir.
Ölüm və diplomatiya
Amma kapitan Şafikul İslam özünü şanslı hesab edir.
Münaqişənin ikinci günündə onun gəmisi İranın vurduğu ərazidən – Dubaydakı Cəbəl Əli limanından cəmi 200 metr aralıda olub. Bu məsafə orta ölçülü tankerin uzunluğundan bir az artıqdır.
İslam və onun 30 nəfərlik heyəti İranın zərbələrinin sayını artıq hesablamırlar. Kapitan deyir ki:
– Bəzən raketlər bir gəminin üstündən uçub keçir, bəzənsə raket qalıqları qonşu gəmilərin yaxınlığına düşür.
Baş mühəndis Həsənsə həmin günləri belə xatırlayır:
– Hücumlar bütün gecə boyu davam edəndə heç birimiz yata bilmirdik. O dəhşəti və dağıntıları öz gözlərimizlə gördük.
Qorxmaq üçün kifayət qədər əsas da var. Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, təsdiqlənmiş 39 insident nəticəsində azı 11 dənizçi həlak olub, daha bir nəfər isə itkin düşmüş hesab olunur.
Atəşkəsdən sonra gərginlik müəyyən qədər azalsa da, boğazda davam edən hərbi fəaliyyət onun nə qədər kövrək olduğunu xatırladır.
Dənizçilər hələ də səmada dron və döyüş təyyarələri, dənizdə hərbi gəmilər və sualtı qayıqlar görürlər.
Neft tankerində aşpaz işləyən pakistanlı Sacid Məsud təhlükəsizlik baxımından dəyişdirilmiş adla danışır:
– Bu hərbi gəmilər güclü projektorlardan istifadə edirlər. Biz səsgücləndiricilər vasitəsilə yayılan elanları da eşidirik. Kapitan deyir ki, iranlılar bunu heç kimin keçməsinə imkan verməmək üçün edirlər.
Mühasirədə qalan dənizçilər üçün çıxış yolu varmı?
Böyük maliyyə itkiləriylə üzləşən gəmiçilik şirkətləri xərcləri azaltmağın yollarını axtarırlar. Bunun əsas istiqamətlərindən biri isə heyət xərcləridir.
Bir çox dənizçinin müqavilə müddəti başa çatmaq üzrədir və ekipajların dəyişdirilməsi artıq çoxdan zəruri hala gəlib. Amma hətta müharibə başa çatdıqdan sonra belə, bu gəmilərdə işləmək üçün kifayət qədər adam tapmaq asan olmayacaq.
Təhlükəsizlik baxımından başqa adla danışan pakistanlı Kamil belə deyir:
– Bu böhran göstərdi ki, dənizçi peşəsi nə qədər təhlükəli ola bilir. Ola bilsin, bir çox dənizçi öz peşəsinə artıq əvvəlki kimi baxmayacaq.
Onun fikrincə, gələcək münaqişələrdə beynəlxalq dəniz yollarına çıxışın məhdudlaşdırılması getdikcə daha çox geosiyasi təzyiq alətinə çevrilə bilər.
Neft tankerində aşpaz işləyən Sacid Məsud da dənizçilik karyerası barədə fərqli düşünməyə başlayıb. Onun müqaviləsinin bitməsinə cəmi bir ay qalıb. Amma bununla bağlı vacib qərar verməzdən əvvəl ən böyük arzusu sadəcə evə qayıtmaqdır. O, Pakistandakı ailəsinə Dubaydan hədiyyələr aparmağı planlaşdırır: qızları üçün Barbi kuklaları, oğlu üçünsə oyuncaq təyyarə.
– Tezliklə evə qayıdacağımı düşünürdüm, amma hələ də burdayıq. Ailəm nə vaxt dönəcəyimi soruşur hər gün, onlara verəcək cavabım yoxdur – Məsud belə deyir.
Amma bölgəni tərk edə bilən gəmilər də olub.
Dəniz daşımaları üzrə məlumatlar təqdim edən “Kpler” şirkətinin hesablamalarına görə, fevralın 28-dən bəri təxminən 750 gəmi Hörmüz boğazından keçməyə müvəffəq olub.
Vaşinqtonda yerləşən qeyri-kommersiya tipli tədqiqat təşkilatı CNA-nın eksperti doktor Conatan Şroden hesab edir ki, həmin gəmilərin sahibləri İranla birbaşa diplomatik danışıqlara güvəniblər.
Onun sözlərinə görə, bu gəmilərin əksəriyyəti Çin, Hindistan və Pakistan şirkətlərinə məxsus olub.
Şroden əlavə edir ki, böyük ehtimal, onların keçidinə görə İran tərəfinə bir neçə milyon dollar məbləğində ödəniş də edilib.
Hazırda “Banglar Joyjatra” gəmisinin ekipajı üçün əsas ümid mənbəyi diplomatik kanallardır. Banqladeş hökuməti gəminin sahibi olan “Bangladesh Shipping Corporation” (BSC) şirkətiylə birlikdə onun Fars körfəzindən çıxmasına nail olmağa çalışır.
Amma bu proses də gözlənildiyi qədər asan deyil.
BSC-nin icraçı direktoru, kommodor Mahmudul Malek bildirib ki, Banqladeş əvvəlcə İranın tələb etdiyi rüsumu ödəməyə razılaşmışdı. Amma ABŞ İrana ödəniş edəcək istənilən ölkəyə sanksiyalar tətbiq edəcəyini açıqlayandan sonra bu plandan imtina olunub.
– İndi biz iki böhranın içindəyik – Malek belə deyir.
“Politfm”
(BBC-nin materialı əsasında)



