Foto: “Reuters”
“Reuters” agentliyinin LSEG, “Kpler” məlumatlarına və sənaye mənbələrinə istinadən yaydığı xəbərə görə, Türkiyə may ayında Rusiyanın “Urals” markalı neftinin dəniz yoluyla idxalını ən aşağı səviyyəyə endirib.
Türkiyə Aralıq dənizində Rusiya neftinin ən böyük alıcısı və Hindistanla Çindən sonra dünyada üçüncü ən böyük idxalçısıdır.
May ayında bu ölkə gündə 161 min barel Rusiya nefti idxal edib – yanvar-aprel aylarıyla müqayisədə 15 faiz, 2025-ci ilin may ayındakı həcmə nisbətənsə (gündəlik 302 min barel) demək olar ki, iki dəfə az.
Səbəblərdən biri “Urals” neftinin qiymətinin artmasıdır. 2014-cü ildən bəri rekord həddə çatan qiymət bir barel üçün 100 dolları keçib.
“Türkiyə Rusiya neftini ucuz almağa öyrəşib. Onlar həmin markanı belə yüksək qiymətə almağa hazır deyillər” – iri Qərb şirkətlərindən birinin treyderi “Reuters”ə belə deyib.
Məlumatlı mənbələr agentliyə deyiblər ki, Türkiyə “Urals” neftinin azalan həcmini may ayında “CPC Blend” markalı Xəzər neftiylə kompensasiya edib. Bu neft Qazaxıstanın “Tengiz”, “Karaçaqanak” və “Kaşaqan” yataqlarında hasil olunur.
“Politfm”



