Ana Səhifə Dünya Culfa və Qum şəhərlərində edamlar baş verib

Culfa və Qum şəhərlərində edamlar baş verib

10

Hüquq müdafiəçiləri Şərqi Azərbaycan vilayətinin Culfa şəhəri və Qum vilayətinin mərkəzi Qum şəhərində 3 məhkumun dar ağacından asıldığını bildirib.

İranda fəaliyyət göstərən Rokna internet portalına istinadən, Culfa şəhərində edam edilən şəxs bir qadın və uşağını qətlə yetirdiyi üçün qisas cəzasına məhkum edilmişdi.

Rokna-nın xəbərinə görə, “edam edilən məhkum 13 il əvvəl iki digər şəxslə birlikdə bir qadının evini yandıraraq qadınla 6 yaşındakı uşağının ölümünə səbəb olmuşdular. Olayla əlaqədar mühakimə edilən digər iki şəxsdən biri edam gözləyir, üçüncü şəxs isə ‘qan sahibləri’ tərəfindən əfv edilib.”

Qum şəhərində baş verən edamlar haqqında İran İnsan Haqları təşkilatı (IHR) məlumat yayıb.

IHR-nin məlumatına görə, iki məhkum şənbə günü səhər saatlarında Qum şəhərinin mərkəzi həbsxanasında asılıblar. Əbülfəz Rəhmani və Mehrullah Rigi narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar ölüm cəzasına məhkum edilmişdilər. Mehrullah Riginin Bəluç etnik icmasına mənsub olduğu bildirilib.

İran İnsan Haqları təşkilatının veb səhifəsində yazılanlara görə, şənbə günü Qumda 4 məhkumun edam hökmünün tətbiq ediləcəyi gözlənilirdi. Ancaq, məhkumlardan ikisi qətlə yetirdikləri şəxslərin ailələrindən diyə məbləğini ödəmək üçün möhlət ala biliblər və onların edamı təxirə salınıb.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.