Foto: internet
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda rəsmi qeydiyyatda olan seçicilərin sayını açıqlayıb.
Dünən – mayın 26-da ölkə üzrə vahid seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunmuş iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, 2026-cı il mayın 26-na olan rəsmi göstəricilərə görə, ölkənin vahid seçici siyahısına 6 milyon 332 min 229 nəfər daxil edilib.
Son bir ilin göstəriciləriylə müqayisədə rəsmi seçici sayında artım dinamikası müşahidə olunur. Ötən il mayın 26-da MSK ölkə üzrə seçici sayının 6 milyon 302 min 93 nəfər olduğunu açıqlamışdı. Bu, keçənilki göstəricidən 30 min nəfər şoxdur.
2024-cü ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərindən əvvəl MSK seçici sayını 6 milyon 478 min 623 nəfər (indkindən 146 min 394 nəfər çox) göstərilmişdi.
İqtisadçı Rövşən Ağayev 18 yaşına çatmış şəxslərlə seçici sayı arasındakı uyğunsuzluğa diqqət çəkib.
“Mərkəzi Seçki Komissiyası yeni seçici siyahıları elan edib, ümumi seçici sayının 6.3 milyon nəfər olduğu bildirilir. Halbuki rəsmi statistikaya görə, 18 yaşını tamamlamış əhalinin sayı 7.5 milyon nəfərdən də bir qədər çoxdur. Yəni 1.2 milyon nəfər siyahıda yoxdur” – Ağayev özünün “Facebook” səhifəsində belə yazıb.
“Mümkün səbəblər: həmin şəxslərin əhəmiyyətli hissəsi ölkə xaricində yaşayır, xeyli sayda insanın yaşayış və qeydiyyat yeriylə bağlı problemi var, bunun dəqiqləşdirilməsi çətindir. Hər halda, potensial seçicilərin 15 faizi siyahılarda yoxdur. Əslində, real seçkilərin olmadığı ölkə üçün bu, ciddi problem də sayılmır. Amma məsələ demoqrafik və məskunlaşma ilə bağlı real vəziyyəti qiymətləndirmək üçün lazım olan statistikanın olmasının vacibliyindədir” deyə, o əlavə edib.
“Politfm”



