Foto: internet


 

2026-cı ilin ilk rübünün rəsmi statistikası və bazar təhlilləri göstərir ki, Azərbaycanda (xüsusilə də Bakıda) daşınmaz əmlak qiymətlərində artım tendensiyası davam edir.

Mərkəzi Bankın və Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatlarına əsasən, 2026-cı ilin birinci rübündə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrüylə müqayisədə 8.1% artıb. Yeni tikililərdə isə artım 13.1% təşkil edib.

Palatanın aprel ayına dair hesabatına görə, bazar xaosdan çıxaraq daha sabit, lakin seçici artım fazasına keçib. Mərkəzi və premium zonalarda (Nərimanov, Nəsimi və Yasamal rayonlarında, Ağ Şəhərdə) tələb yüksək, təklifsə məhdud olduğu üçün qiymətlər daha sürətlə qalxır. Bu zonalarda median qiymətlər bir kvadratmetr üçün 3.600 – 4.200 manat aralığında dəyişir. Köhnə tikililərdə qiymət dinamikası nisbətən zəifdir və təqribən 1.6% – 2.5% lokal artımlar müşahidə olunur. Torpağın bahalaşması fonunda həyət evlərinin qiymətində də 2.5%-lik artım var.

Qiymət artımlarının səbəbi nədir?

Ekspertlər bildirirlər ki, son illərdə yeni tikinti layihələrinin sayının azalması bazarda mənzil rəqabətini zəiflədib və təklif qıtlığı yaradıb. Eyni zamanda, tikinti materiallarının və işçi qüvvəsinin bahalaşması da mənzillərin satış qiymətinə təsir edir.

Onların qənaətinə görə, hazırda bazarın aktivliyini saxlayan əsas amillərdən biri dövlət ipotekası və tikinti şirkətlərinin təklif etdiyi daxili kredit mexanizmləridir.
İlin sonuna qədər köhnə binalarda 5-7 faiz, yeni tikililərdə isə 10-12 faiz qiymət artımı proqnozlaşdırılır.

İnhisarçılığın qiymət artımına təsiri

Bəzi ekspertlər iddia edirlər ki, əmlak bazarına qiymət diqtə edən amillərdən biri də süni inhisarçılıqdır. Onların sözlərinə görə, iri tikinti şirkətlərinin arxasında birbaşa və ya dolayısıyla yüksək çinli məmurlar, oloqarxik qruplar dayanır və bu, azad rəqabəti sıradan çıxarır.

Daşınmaz əmlak üzrə mütəxəssislər qeyd edirlər ki, xarici və ya müstəqil investorlar bazara daxil ola bilmirlər. Tikinti üçün icazə alınması, sənədləşmə, torpaq sahəsinin ayrılması kimi bürokratik proseslər zamanı süründürməçilik yaranır. Nəticədə tikinti şirkətlərinin sayı azalır və mövcud oyunçular qiymətləri istədikləri həddə diqtə edirlər.

Ekspertlər materialların baha olmasını da inhisarçı qrupların fəaliyyətiylə əlaqələndirirlər – armaturun, sementin, qum-çınqıl karxanlarının mərkəzləşmiş nəzarətdə olması maya dəyərinin süni şəkildə yüksək saxlanmasına şərait yaradır.

Onlar Bakı şəhərində tikinti üçün yararlı infrastrukturun olduğu torpaq sahələrinin tükənmək üzrə olduğunu qeyd edirlər. Böyük torpaq sahələri və ya söküləcək ərazilər məmurlara yaxın şirkətlərə verilir.

Müstəqil iqtisadçılar bildirirlər ki, əhalinin alıcılıq qabiliyyəti azalanda qiymətlər də aşağı düşməlidir. Amma mənzillər kütləvi şəkildə məmurlar tərəfindən alınır və çirkli pulların yuyulması üçün də alətə çevrilir. Nəticədə əmlak bazarında durğunluq yaransa da, şirkətlərin pula təcili ehtiyacları olmadığı üçün qiyməti aşağı salmırlar.

Sahə üzrə mütəxəssislərin ümumi qənaəti budur ki, evlərin iqtisadi məntiqlə izah olunmayacaq dərəcədə baha olmasının əsas səbəbi inhisarçılıqdır.

 

“Politfm”