Videodan skrinşot

 

 

“Bizə öz hərbi bazalarından istifadə etməyə icazə lazım olanda onların cavabı ‘yox’dursa, onda biz niyə NATO-dayıq? Bu sualı vermək lazımdır”.

ABŞ dövlət katibi Marko Rubio “Fox News” kanalına dünən – mayın 13-də verdiyi müsahibəsində belə deyib.

“NATO o deməkdirsə ki, biz artıq həmin bazalardan Amerikanın maraqlarını müdafiə etmək üçün istifadə edə bilmirik, onda NATO hərəkətin birtərəfli olduğu küçəyə çevrilir. İspaniya kimi bəzi Avropa ölkələri bizə bazalardan və hava məkanından istifadə imkanı vermədi. Bu isə əməliyyatı daha bahalı və daha riskli etdi” deyə, Rubio əlavə edib.

Dövlət katibi həmçinin qeyd edib ki, NATO xərclərinin təxminən üçdə ikisini ABŞ ödəyir:“Əgər müttəfiqlər bizə lazım olan anda əməkdaşlıq etmirlərsə, onda alyans daxilində öhdəliklərin və yükün bölüşdürülməsiylə bağlı tamamilə qanuni suallar yaranır”.

Rubio ABŞ-nin İran münaqişəsi çərçivəsində Çinlə əməkdaşlıq etmək niyyəti barədə də danışıb. O bildirib ki, Tramp administrasiyası Yaxın Şərqdəki münaqişənin tənzimlənməsi və Fars körfəzində vəziyyətin sabitləşlməsi üçün Çinin İrana təsir göstərməsinə nail olmağa çalışır:
“Bu, Çinin öz maraqlarına uyğundur, çünki hazırda məhz Çin gəmiləri Fars körfəzində ilişib qalıb”.

Litva prezidenti Gitanas Nauseda ölkəsinin ABŞ-yə dəstək üçün müəyyən addımlar ata biləcəyini deyib. Nauseda jurnalistlərlə dünənki söhbətində qeyd edib ki, İrandakı əməliyyat çərçivəsində logistik məsələlərin həlli üçün Litvanın ərazisindən istifadə edilə bilər:
“Etibarlı və məsuliyyətli müttəfiq kimi Litva ABŞ-yə öz ərazisindən istifadəyə icazə verilməsi imkanını müzakirə etməyə hazırdır. Bu ərazi hansısa hərbi məqsədlər üçün yox, logistik tapşırıqlar üçün təqdim oluna bilər” (“Vedomosti”).

 

“Politfm”