Foto: APA
Mayın 17–22-də Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (“World Urban Forum 13”) iştirak üçün 180 ölkədən 32 225 nəfər qeydiyyatdan keçib.
“WUF13” Azərbaycan Əməliyyat Şirkətinin İcraçı direktoru Adil Məmmədovun sözlərinə görə, təşkil olunacaq pavilyonlarda 41 ölkə iştirak edəcək.
Forum Azərbaycanla BMT-nin yaşayış məntəqələri üzrə proqramı (UN-Habitat) arasında əməkdaşlığı çərçivəsində keçirilir. Tədbir dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər” və innovativ urbanistik həllər sahəsində beynəlxalq təcrübə mübadiləsinə həsr olunub.
Ümumdünya Şəhər Forumunun iştirakçıları üçün Baku Olimpiya Stadionu ərazisində 2,5 hektarlıq açıq hava məkanında “WUF13 Bulvarı” yaradılıb. Burada kafe və istirahət zonaları fəaliyyət göstərir. Açılış və qapanış mərasimlərinin keçiriləcəyi zalın tutumu 6.000 nəfərdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, 18-22 may tarixlərində Bakı məktəblərinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI siniflərində tədris prosesi distant formada keçiriləcək (APA).
“Politfm”



