Müdafiə Nazirliyi bildirib ki, Kral Dəniz Qüvvələrinin HMS “Dragon” gəmisi Yaxın Şərqdə istənilən missiyaya hazır olacaq (foto: “PA Media”)
Böyük Britaniya Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün planlaşdırılan çoxmillətli missiya çərçivəsində regiona pilotsuz uçuş aparatları (PUA), “Typhoon” qırıcı təyyarələri və Kral Hərbi Dəniz Qüvvələrinə məxsus HMS “Dragon” hərbi gəmisini göndərəcək.
Bu barədə Müdafiə Nazirliyi dünən – mayın 12-də məlumat yayıb.
Açıqlama həmin missiyada iştirak edəcək 40-dan çox ölkənin müdafiə nazirləri və nümayəndələrinin iştirak etdiyi virtual sammitdən sonra verilib.
Nazirliyin məlumatına görə, Böyük Britaniyanın missiyaya töhfəsi aşağıdakıları əhatə edəcək:
– avtonom mina axtarış sistemləri;
– dron əleyhinə (anti-dron) imkanlar;
– minaların təmizlənməsi üzrə mütəxəssislər.
Bu layihə üçün 115 milyon funt-sterlinq ($152 milyon dollar) məbləğində maliyyə vəsaiti ayrılıb. Paketə həmçinin təhdidləri aşkar etmək, izləmək və onlara reaksiya vermək üçün nəzərdə tutulmuş, avtonom “Kraken” dron-qayıqları ilə təchiz edilmiş modulyar “Beehive” (Arı pətəyi) sistemi də daxildir.
Əlavə hazırlıq və təlimlərdən sonra artıq Yaxın Şərqə doğru yola düşən HMS “Dragon” esminesinin təkmilləşdirilmiş “Sea Viper” hava hücumundan müdafiə sistemi Hörmüz boğazındakı potensial əməliyyatlar üçün hazır vəziyyətdə olacaq. Britaniyanın regionda yerləşən “Typhoon” qırıcıları da strateji su yolu üzərində hava patrulu həyata keçirməyə hazırlanacaq.
“Böyük Britaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayır. Avtonom mina axtarış və dron əleyhinə sistemlər üçün yeni maliyyə vəsaiti, müasir qırıcılarımız və HMS Dragon gəmisi bizim qətiyyətimizin aydın göstəricisidir. Müttəfiqlərimizlə birgə bu missiya müdafiə xarakterli, müstəqil və etibarlı olacaq” – müdafiə naziri Con Hili belə deyib.
Nazirliyin açıqlamasında həmçinin qeyd olunub ki, əməliyyat “şərait imkan verəndə” aktivləşəcək. Missiyanın əsas məqsədi dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyi strateji ticarət yolu olan Hörmüz boğazında kommersiya gəmiçiliyinə inamı bərpa etməkdir.
Hazırda Böyük Britaniyanın regionda 1000-dən çox hərbi personalı, o cümlədən dron əleyhinə bölmələri və sürətli qırıcı eskadrilyaları yerləşir.
“Politfm”



