Foto: Dado Ruvic/illüstrasiya/ “Reuters”


 

Böyük Britaniya dünən – mayın 11-də Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Bu dəfə məhdudiyyətlər 85 fiziki və hüquqi şəxsə tətbiq olunub.

Bu barədə “Radio Svoboda” məlumat verib.

Sanksiya siyahısına “Dialoq” təşkilatının top-menecerləri Qriqori Qurov, qondarma “LXR”in gənclər siyasəti naziri Yulia Veliçko, qondarma “DXR Xalq Şurası”nın deputatı və qarışıq döyüş növləri üzrə idmançı Maksim Şvets, Novosibirsk vilayətində uşaq hüquqları üzrə müvəkkil Nadejda Boltenko və Sosial Layihələndirmə Agentliyinin əməkdaşları daxil edilib.

Sanksiya tətbiq olunan hüquqi şəxslər arasında strateji kommunikasiyalar üzrə “Kaspi 2030” avtonom qeyri-kommersiya təşkilatı, Sosial Araşdırmalar üzrə Ekspert İnstitutu, İnternetin İnkişafı İnstitutu, “Euroview” və “Qovorit Yevropa” media platformaları, Sevastopol Dövlət Universiteti, “Voin” Gənclərin Hərbi-İdman Hazırlığı və Vətənpərvərlik Tərbiyəsi Mərkəzi, həmçinin ilhaq olunmuş Krımda yerləşən “Zdravnitsa” sanatoriyası da var.

Avropa İttifaqı Şurası isə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan və ya təhdid edən fəaliyyətlərə görə 16 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Bildirilir ki, siyahıya daxil edilən şəxslər ukraynalı uşaqların sistemli şəkildə qanunsuz deportasiyasına, məcburi assimilyasiyasına və qanunsuz övladlığa verilməsinə görə məsuliyyət daşıyırlar.

Sanksiya siyahısına “Orlyonok”, “Alıye Parusa” və “Smena” uşzq mərkəzləri də daxil edilib. Aİ Şurasının bəyanatına görə, bu qurumlar “ukraynalı uşaqlar üçün proqramlar təşkil edir və həmin proqramlar çərçivəsində uşaqlar Rusiya yönlü ideoloji təsirə məruz qalırlar”.
DOSAAF-ın Sevastopoldakı mərkəzinə, Krımdakı Naximov adına hərbi-dəniz məktəbinə və “Patriot” hərbi-vətənpərvərlik klubuna qarşı da məhdudiyyətlər tətbiq olunub. Bildirilir ki, bu qurumlar “azyaşlıların yenidən tərbiyəsi, ideoloji təşviqi və hərbiləşdirilməsiylə məşğul olurlar”.

Sanksiyalara həmçinin uşaq düşərgələrinin və hərbi-vətənpərvərlik klublarının rəhbərləri, məmurlar və siyasətçilər də daxil edilib. Onların arasında Ukraynanın hazırda Rusiyanın nəzarətində olan Berdyansk şəhərindəki “Krasnaya Qvozdika”nın rəhbəri Liliya Şvetsova də var. Həmin mərkəz “Artek”in filialıdır.

Sanksiya siyahısına daxil edilənlər arasında Natalya Şevchuk, Rusiyanın Həştərxan və Murmansk vilayətlərində uşaq hüquqları üzrə müvəkkillər Aleksandra Bondareva və Alevtina Andreyeva, İqor Juravlyov və Anastasiya Akkuratova də yer alır.

Aİ-nin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri təxminən 20,5 min ukraynalı uşaq deportasiya olunub və ya məcburi şəkildə köçürülüb. Bildirilir ki, bu addımlar beynəlxalq hüququn və uşaqların fundamental hüquqlarının pozulmasıdır və onların Ukrayna kimliyinin məhv edilməsinə yönəlib.

Rusiya rəsmiləri bu ittihamları rədd edirlər. Onlar öz hərəkətlərini ya humanitar addım, ya da Rusiyanın nəzarətində olan Ukrayna ərazilərində infrastrukturun və sosial xidmətlərin dağılması nəticəsində yaranmış zərurət kimi təqdim edirlər.


“Politfm”