Nərgiz Məhəmmədinin xəstəxana çarpayısında çəkilmiş şəklini sosial mediada onun vəkili paylaşıb

 

 

İranlı hüquq müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi  Tehran xəstəxanasına köçürülüb.

Onun ailəsinin idarə etdiyi təşkilat dünən bildirib ki, İran hakimiyyəti hüquq müdafiəçisinə “böyük məbləğdə girov müqabilində şərti azadlıq” verib.

Qardaşı Həmidrza Məhəmmədi BBC-yə deyib ki, bacısının öz tibbi komandası tərəfindən lazımi müalicə alacağına sevinir. Bununla belə, o, vəziyyətin nə dərəcədə ağır olduğunun hələ tam bilinmədiyini vurğulayıb.

Ötən həftə Məhəmmədinin ailəsi və tərəfdarları xəbərdarlıq etmişdilər ki, ilin əvvəlindən etibarən, ehtimal ki, iki dəfə ürək tutması keçirmiş Nərgiz həbsxanada həyatını itirə bilər.

54 yaşlı hüquq müdafiəçisi, İranda İnsan haqlarını müdafiə mərkəzinin rəhbəri Məhəmmədi bu ölkədə qadınlara qarşı repressiyalarla mübarizəsinə və insan hüquqlarının müdafiəsinə görə 2023-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb.

Onun həbsxanadan köçürülməsiylə bağlı ailəsinin müraciətlərindən sonra Məhəmmədi “Tehrandakı Pars xəstəxanasına aparılıb və orda öz tibbi komandası tərəfindən müalicə olunur”.

Nərgiz Məhəmmədi Fondunun dünən axşam yaydığı bəyanatda belə deyilir.
O, paytaxtdan təxminən 265 kilometr şimal-qərbdə yerləşən Zəncan şəhərindəki həbsxanada cəza çəkirdi və son 10 gün həmin şəhərdəki xəstəxanada olub.
Parisdə yaşayan həyat yoldaşı Tağı Rəhmani Nərgiz Məhəmmədinin həyatının tükdən asılı olduğunu deyib.

“Səhhəti fəlakətli dərəcədə pisləşəndən sonra xəstəxanadadır, amma müvəqqəti köçürülmə kifayət deyil. Nərgiz sağlamlığını bu vəziyyətə salan şəraitə heç bir halda geri qaytarılmamalıdır” deyə, o əlavə edib.

Nərgizin Osloda yaşayan qardaşı Həmidrza Məhəmmədi BBC-yə bildirib ki, girov müqabilində azadlıq “onun həbsxanada üzləşdiyi qaçılmaz ölüm təhlükəsindən müvəqqəti xilasdır”.

“Hələ çox tezdir, ona görə də baş verənlərlə bağlı dəqiq məlumatımız yoxdur. Amma onu əvvəllər müalicə etmiş həkimlərə güvənirik. Məni narahat edən yeganə məsələ həbsxanada olduğu günlər ərzində onun səhhətinə dəymiş geridönməz zərərlərdir” – Həmidrza belə deyib.

Məhəmmədinin vəkili Şirin Ərdahani onun xəstəxana çarpayısında əyləşmiş vəziyyətdə çəkilmiş fotosunu paylaşaraq bildirib ki, müvəkkili həbsdə olduğu müddətdə təxminən 20 kiloqram çəki itirib, danışmaqda çətinlik çəkir və demək olar ki, tanınmaz haldadır.

Nərgiz Məhəmmədi həyatının on ildən çoxunu həbsdə keçirib. O, 2021-ci ildə təkrar həbs edilərək “dövlət əleyhinə təbliğat fəaliyyəti” və “dövlət təhlükəsizliyinə qarşı sövdələşmə” ittihamlarıyla 13 il müddətinə azadlıqdan məhrum edilib. Özü bu ittihamları rədd edib.

Tehrandakı məşhur Evin həbsxanasında saxlanılan Nərgiz 2024-cü ilin dekabrında səhhətinə görə müvəqqəti azad edilib. Ötən ilin dekabrında rəfiqəsinin dəfn mərasimində “təxribat xarakterli çıxışlar” etdiyinə görə təkrar saxlanılıb. Onda ailəsi bildirmişdi ki, həmin vaxt onu döyüblər, sonra da xəstəxanaya aparıblar.

Bu ilin fevral ayının əvvəlində inqilab məhkəməsi Məhəmmədini “toplaşma və sövdələşmə” və “təbliğat fəaliyyəti” kimi əməllərdə təqsirli bilərək ona əlavə 7,5 il həbs cəzası verib. 

 

“Politfm”