Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan, Moskva, 1 aprel 2026 (foto: Mixail Metzel/”RİA Novosti”)
Yerevan hansı geosiyasi istiqaməti seçdiyinə dair ən tez zamanda qərar verməlidir.
Rusiya prezidenti Vladimir Putin Qələbə Günü paradından sonra keçirdiyi mətbuat konfransında belə deyib.
“Həm Ermənistan vətəndaşlarına münasibətdə, həm də əsas iqtisadi tərəfdaş kimi bizə münasibətdə mümkün qədər tez qərar vermək düzgün olardı. Məsələn, referendum keçirə bilərlər” deyə, o əlavə edib.
Putin qeyd edib ki, belə bir referendumun nəticəsi Moskvaya “müvafiq nəticələr çıxarmağa” və “yumşaq, ağıllı və qarşılıqlı şəkildə faydalı olacaq ayrılığı” davam etdirməyə imkan verər.
Rusiya prezidenti, həmçinin, Ermənistanın Avropa İttifaqıyla bağlı ambisiyalarının gələcəkdə Avrasiya İqtisadi İttifaqının sammitlərindən birində müzakirə olunmasını da təklif edib.
Putin Ermənistanın Avropaya inteqrasiya cəhdləriylə Ukraynada daha əvvəl baş verən hadisələr arasında paralellər aparıb:
“İndi hər şey Ukrayna ssenarisi istiqamətində cərəyan edir. Bütün bunlar hardan başlamışdı? Ukraynanın Aİ-yə qoşulması və ya qoşulmağa cəhd etməsindən”.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Putinə cavab olaraq yerli jurnalistlərə bildirib ki, ölkəsi Aİ üzvlüyüməsələsinə “münasib vaxtda” qərar verəcək.
“Biz həmişə demişik ki, vaxtı çatanda, Ermənistanın Avrasiya İqtisadi İttifaqıyla Aİ arasında seçim etməli olduğunu anlayanda həmin seçim ediləcək. Burda yeni bir şey yoxdur. Hazırda biz Aİİ-nin üzvüyük, fəaliyyətimizi orada davam etdiririk, amma Ermənistan xalqının Avropa yönümlü istəklərinin olması sirr deyil” deyə, o əlavə edib.
Ermənistanın Baş naziri Nikol Paşinyansa Putinin hədəsinə bu gün cavab verib:
“Ermənistan anlayır ki, eyni vaxtda həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi İttifaqınını üzvü olmaq mümkün deyil, amma “hazırda belə qərar verməyə ehtiyac yoxdur” (“Armenpress”).
2025-ci ildə Ermənistan parlamenti ölkənin Avropaya inteqrasiya prosesi haqqında qanun qəbul edib. Avropa Siyasi Birliyinin bu yaxınlarda Yerevanda keçirilən sammitində Ermənistan və Aİ arasında əlaqələrin inkişafına dair sənədlər imzalanıb.
Rusiya rəsmiləri əvvəllər də Ermənistanın Aİ və ya Aİİ-yə üzvlüklə bağlı seçim etməli olduğunu bildiriblər.
“Politfm”



