Toyota şirkəti İrandakı müharibə nəticəsində ehtiyat hissələri və materialların qiymətlərinin kəskin artması, habelə satışların aşağı düşməsi səbəbindən 3 milyard funt-sterlinq zərər çəkdiyini açıqlayıb. Bu barədə “The Guardian” yazıb. 

​Dünyanın ən böyük avtomobil istehsalçısı, mart ayında başa çatan maliyyə ili ərzində mənfəətin azaldığını bildirib. Şirkət qeyd edib ki, Yaxın Şərqdəki hadisələrin yeni yaranan təsirlərini tam kompensasiya edə bilməyəcək. Bu, müharibənin biznes dünyasına təsirinə dair indiyə qədər verilmiş ən ciddi xəbərdarlıqlardan biridir.
Yapon istehsalçısı üçün ən böyük zərbə müharibə ilə bağlı material xərclərinin 400 milyard yen (1,9 milyard funt-sterlinq) artması olub. Satışların azalması isə daha 270 milyard yen itkiyə səbəb olub. Qeyd edək ki, Toyota Yaxın Şərqdə dominant avtomobil brendidir.

ABŞ və İsrailin İrana hücumları, habelə Hörmüz boğazının bağlanması qlobal sənayeni sarsıdıb. Yaponiyanın avtomobil sənayesi lobbi qrupunun məlumatına görə, ölkənin alüminium idxalının 70%-i Yaxın Şərqin payına düşür.
Artan neft qiymətləri təkər istehsalı xərclərini də yüksəldib.
​Toyota-nın baş mühasibat direktoru Takanori Azuma bildirib:
​”Biz Yaxın Şərqdəki 670 milyard yenlik mənfi təsiri tamamilə aradan qaldıra biləcəyimizə inanmırıq.”

​Azumanın sözlərinə görə, İran müharibəsinin təsiri yanacaq və nəqliyyat xərclərindən tutmuş, avtomobil yığma zavodlarında istifadə olunan boya və digər materialların qiymətinə qədər hər sahədə hiss olunur.
​Toyota il ərzində 9,6 milyon avtomobil satıb ki, bunun da yarısı hibrid modellərdir.

“Politfm”