Alen Simonyan (foto: “AzadlıqRadiosu”)
Rusiya Ermənistanda keçiriləcək parlament seçkiləri vasitəsilə hökuməti devirməyə cəhd edir.
Ermənistan parlamentinin spikeri, “Vətəndaş Müqaviləsi” partiyasının aparıcı üzvlərindən biri Alen Simonyan həftəsonu Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə belə deyib (“AzadlıqRadiosu”).
“Ukraynada öz maraqlarını hərbi yolla reallaşdırmağa çalışırlar. Ermənistanda isə siyasi əməliyyat aparmağa, hakimiyyəti ələ keçirməyə cəhd edirlər. Demokratiyamızdan özümüzə qarşı istifadə etməyə çalışırlar. Deyirlər ki, ölkənizdə internet azaddır, biz o internetdə rubllarımızla o qədər reklam alarıq ki, hər şey bizim olar” deyə, Simonyan əlavə edib.
O vurğulayıb ki, “Ermənistan Respublikası quberniyaya çevrməyə imkan verməyəcəyik, bizi Belarus kimi idarə edə bilməyəcəklər” .
Moskva bu ittihamlara hələ reaksiya verməyib. Belarus Xarici İşlər Nazirliyi (XİN) isə mayın 5-də Ermənistanın Minskdəki müvəqqəti işlər vəkilini çağıraraq, Yerevanın “qeyri-dost addımları” ilə bağlı ona etiraz notası təqdim edib. Nazirlik rəsmisi Simonyanın açıqlamalarını “seçkiqabağı populizm” adlandırıb.
Ermənistan parlamentinin sədri mayın 6-da jurnalistlərə açıqlamasında öz mövqeyini bir daha təkrarlayaraq “Belarusun idarəetmə modeli mənim ölkəm üçün qəbuledilməzdir” deyib.
“Hakimiyyəti ələ keçirmək cəhdləri var” deyən Simonyan Moskvaya ünvanlanmış ritorik hücumlarını davam etdirib.
Bu açıqlamalar Yerevanda keçirilən Avropa sammitləri fonunda səslənib.
“AzadlıqRadiosu”nun Ermənistan xidməti (“Azatutyun”) yazır ki, müxalifəti bu tədbirləri Paşinyana və onun partiyasına seçkiqabağı dəstək nümayişi kimi dəyərləndirir. Müxalifət liderlərinin iddiasına görə, Paşinyan Ermənistanı Qərbin Rusiya ilə geosiyasi qarşıdurmasına sürükləyir və bununla da ölkənin təhlükəsizlik risklərini daha da artırır.
Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Paşinyanla görüşü zamanı Ermənistan hökumətinin Avropa İttifaqına yaxınlaşmasının ölkə üçün ağır iqtisadi nəticələr doğura biləcəyinə eyham vurub. Putin həmçinin Yerevanı iyunun 7-dəki parlament seçkilərində Rusiya yönümlü adlandırdığı müxalif qüvvələrin iştirakına mane olmamaq barədə xəbərdarlıq edib.
Seçkilərə qatılmış üç müxalif bloka erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan, digər nüfuzlu işadamı Qaqik Tsarukyan və Rusiyaya yaxınlığıyla tanınan keçmiş prezident Robert Koçaryan rəhbərlik edirlər. Paşinyanın siyasi müttəfiqləri onları “Rusiyanın agentləri” adlandırırlar.
Putinlə son danışıqlarından sonra Paşinyan Rusiya-Ermənistan münasibətlərindəki gərginliyi azaltmağa çalışıb. “Azatutyun” qeyd edir ki, Simonyanın kəskin açıqlamaları bu gərginliyi yenidən alovlandıra bilər.
“Politfm”



