Videodan skrinşot (foto: “interfax.com.ua”)



 

Ukrayna prezidenti Volodimir Zelenski mayın 9-da Rusiya paytaxtında keçiriləcək paradda hərbi texnika olmayacağı barədə Moxkvanın açıqlamasına münasibət bildirib.

“Bu baş versə, uzun illərdən sonra ilk belə hal olacaq. Kreml dronların 9 mayda Qızıl Meydan üzərində uçacağından ehtiyat edir. Bu, çox şey deyir. Onlar güclü deyillər. Təzyiqi davam etdirməliyik. Sanksiyalar vasitəsilə. Mən 20-ci sanksiya paketinə görə Avropa İttifaqının bütün liderlərə minnətdaram, xüsusilə də Rusiya neftinə, hərbi sənayesinə və banklarına qarşı tətbiq olunan məhdudiyyətlərə görə… Biz təzyiqi davam etdirməli, Rusiyanı diplomatiyaya məcbur etməliyik” – Zelenski mayın 4-də, Avropa Siyasi Birliyinin Yeravanda keçirilən sammitində belə deyib.

“Bu yay Putin müharibəni genişləndirmək, yoxsa diplomatiyaya yönəlmək barədə qərar verəcək. Biz onu diplomatiyaya sövq etməliyik” deyə, o əlavə edib.

Ötən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatı hava hücumundan müdafiənin bütün “halqalarını” keçərək Moskvada, Mosfilmovskaya küçəsində, Kremldən təxminən 6 kilometr məsafədə yerləşən çoxmərtəbəli yaşayış binasına zərbə endirib.

Hazırda Moskvada hərbi parada hazırlıq gedir. Paytaxt sakinlərinə 5-9 may aralığında rabitə xidmətlərinə məhdudiyyətlər tətbiq olunacağı barədə xəbərdarlıq edilib.

 

“Politfm”