Foto: internet



Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında banklar 189.7 milyon manat xalis mənfəət əldə ediblər. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 5.75% çoxdur.

 

Bankların ölkə üzrə kredit qoyuluşları (biznes, istehlak və ipoteka daxil olmaqla) toplam 30 milyard 118.9 milyon manat təşkil edib. Əhalinin banklara ümumi borcu 19 milyard 197 milyon manata çatıb – bu, indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir.

Bu göstəricidə 9.4 milyard manatdan çox payı olan istehlak kreditləri ilk sırada dayanır. Əhalinin gündəlik tələbatı, məişət texnikası və nağd pul ehtiyacları üçün götürdüyü borcların həcmi ümumi kredit portfelinin 31.4%-ni təşkil edir.

Müqayisə üçün qeyd edək ki, bu həcm ötən ilin eyni dövrüylə müqayisədə 11.7% artıb. 2026-cı ilin fevral ayında yanvar ayı ilə müqayisədə 0.43%-lik (təxminən 82 milyon manatlıq) artım qeydə alınıb.

Daşınmaz əmlak alışıyla bağlı əhalinin banklara olan borcu 4 milyard 605.3 milyon manat (ümumi portfelin 15.3%-i) səviyyəsindədir.

1 aprel 2026-cı il tarixinə problemli kreditlərin həcmi 619.6 milyon manata yüksəlib.
Borc yükünün vətəndaşın sərəncamında qalan gəlirlərə nisbəti 18.4% təşkil edir. Başqa sözlə, o, qazandığı hər 100 manatın təxminən 18 manatını bank faizini və kredit borcunu ödəməyə ayırır.

 

“Politfm”