Foto: Metin Aktaş / AA
14–15 dekabr tarixlərində ABŞ-nin Florida ştatının Mayami şəhərində keçiriləcək G20 sammitinə Rusiya da dəvət olunub.
Bu barədə Rusiyanın dövlət mediası Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazir müavini Aleksandr Pankinin sözlərinə görə, ölkəni tədbirdə kimin təmsil edəcəyi barədə qərar həmin tarixə yaxın veriləcək.
Artıq Rusiyanın adı sammitin rəsmi saytında – iştirakçı ölkələr siyahısında da qeyd olunub.
G20 dünyanın ən böyük iqtisadiyyatlarını birləşdirən platformadır və hər il üzv ölkələrin birində hər il toplanır. 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş sammitə president Vladimir Putin rəhbərlik etmişdi.
2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Moskvanın formatdan çıxarılması müzakirə olunsa da, bəzi ölkələr, o cümlədən Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikası buna qarşı çıxıb.
Son illərdə Putin sammitlərdə iştirak etməyib; Rusiyanı daha çox xarici işlər naziri Sergey Lavrov və prezident administrasiyası rəsmiləri təmsil edib. 2025-ci ildə Cənubi Afrikada keçirilən sammitdə Rusiyanın nümayəndə heyətinə Maksim Oreşkin rəhbərlik edib.
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımadığına görə Putinin bu ölkəyə səfəri üçün hüquqi maneə yoxdur. O, artıq Amerikada olub – 2025-ci ilin avqustunda Alyaskaya səfər edərək ABŞ Prezidenti Donald Trumpla görüşüb.
“Politfm”



