Foto: Bill Barksdeyl /”Getty Images”



İranla müharibənin nəticələrinə, o cümlədən yanacaq və gübrə təchizatında yaranan fasilələrə görə 30 milyondan çox insan yenidən yoxsullaşacaq. Çünki belə vəziyyət əkinə mövsümünün başladığı dövrə təsadüf edir.

 

Bu haqda “Reuters” agentliyinə BMT-nin İnkişaf Proqramının rəhbəri Aleksander De Kro danışıb.

O bildirib ki, Hörmüz boğazında yük gəmilərinə tətbiq olunan məhdudiyyətlər gübrə çatışmazlığını daha da kəskinləşdirib:

“Ehtimal ki, bu, ilin sonuna doğru kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına mənfi təsir göstərəcək”. 

“Ərzaq baxımından qeyri-sabitlik bir neçə ay ərzində pik həddinə çatacaq və bunun qarşısını almaq üçün çox az şey etmək mümkündür” deyən De Kro böhranın digər nəticələrini də xatırladıb: enerji daşıyıcıları çatışmazlığı və pul köçürmələrinin azalması.

“Əgər müharibə sabah bitsə belə, bu təsirlər artıq hiss olunur və onlar 30 milyondan çox insanı yoxsulluğa sürükləyəcək” deyə,  De Kro vurğulayıb.

Qlobal gübrə istehsalının əhəmiyyətli hissəsi Yaxın Şərqin payına düşür və bu məhsul üzrə dünya tədarükünün üçdə biri Hörmüz boğazından keçir (“Reuters”). 

Aprelin əvvəlində Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq ediblər ki, müharibə ərzaq qiymətlərinin artmasına səbəb olacaq və bu, qlobal miqyasda ən həssas əhali qruplarının vəziyyətini daha da pisləşdirəcək.

“Politfm”