Foto: AFP

​“Washington Post” qəzetinin xəbərinə görə, Hörmüz boğazındakı minaların tamamilə təmizlənməsi 6 ay davam edə bilər. Həmçinin qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı hücumlarıyla başlayan müharibə bitmədən bu prosesin baş tutma ehtimalı olduqca aşağıdır.

ABŞ mediasında yer alan iddialara görə, Pentaqonun yüksək rütbəli rəsmisi  Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvləri üçün keçirdiyi məxfi təqdimatda minaların təmizlənməsi üçün lazım olan təxmini müddət barədə məlumat verib.

Qəzet adının açıqlanmasını istəməyən üç rəsmiyə istinadən yazır ki, minaların təmizlənməsinin 6 ay çəkə biləcəyi və müharibə bitməyincə bu fəaliyyətə başlamağın çətinliyi həm demokratlar, həm də respublikaçılar tərəfindən məyusluqla qarşılanıb.

​Konqres üzvlərinə verilən məlumatda İranın Hörmüz boğazı ətrafında “20 və ya daha çox” mina yerləşdirmiş ola biləcəyi, bəzi minalarınsa GPS texnologiyasıyla uzaqdan idarə edildiyi, bu səbəbdən ABŞ qüvvələrinin onları aşkar etməkdə çətinlik çəkdiyi bildirilib. Pentaqon qəzetin mövzuyla bağlı suallarını cavabsız qoyub.

​ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hücumlar 8 apreldə iki həftəlik atəşkəslə nəticələnib. Aprelin 11-də Pakistanın vasitəçiliyi ilə İslamabadda aparılan danışıqlar isə razılaşma əldə olunmadan başa çatıb.

ABŞ Prezidenti Donald Tramp Pakistanın rəhbərliyinin xahişi ilə atəşkəsi uzatmaq qərarına gəldiyini açıqlayıb: 

​”İran rəhbərliyində ciddi bölünmələrin olması faktını və Pakistanın Baş naziri Şahbaz Şəriflə marşal Asim Münirin xahişini nəzərə alaraq, birgə təklif təqdim olunana qədər hücumları dayandırmağımız istənildi. Orduya blokadanı davam etdirmək və hazır vəziyyətdə qalmaq barədə göstəriş vermişəm. Danışıqlar nəticələnənə qədər atəşkəsi uzadacam”.

 

“Politfm”