Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili bildirib ki, mövcud hakimiyyəti dəyişməyin ən stabil və dinc yolu üsulu seçkilərdir. O, müxalifəti bu yolda birləşməyə çağırıb.

 

Dünən “Facebook” platformasındakı səhifəsində canlı yayım edən Zurabişvili deyib ki, alternativ ssenarilər ölkədə qeyri-sabitliyə gətirib çıxara bilər.

“Məhkəmələrə, mediaya və digər hakimiyyət rıçaqlarına nə qədər nəzarət olur-olsun… Əgər cəmiyyət bir məqsəd ətrafında birləşibsə və bu mübarizəyə hazırdırsa, o zaman ümid də var, qələbə də” – eks-prezident belə deyib.

Onun sözlərinə görə, seçkilər sadə bir prosedur kimi qəbul edilməməlidir. Seçki – nəticə əldə etmək üçün səfərbərlik və inam tələb edən siyasi mübarizədir.

Zurabişvili onu yerli seçkilərlə bağlı mövqeyinə görə tənqid edən bəzi müxalifətçilərə də cavab verib. O, ayrı-ayrı partiyaları dəstəkləməmək qərarına görə peşman olmadığını bildirib.

“Mənim mövqeyim sadə idi: bütün partiyalar o seçkilərə birlikdə getsəydilər, mən də onlara qoşulardım” deyən eks-prezident əlavə edib ki, müxalifət arasında belə birlik olmayıb.

“Politfm”