Bəndər Abbas sahillərində lövbər salmış gəmilər, Hörmüz boğazı (Foto: “Getty Images”)
İran Hörmüz boğazından keçməyə cəhd edən iki gəmini saxladığını açıqlayıb. Saxlanılma anına aid videolar dövlət mediasında geniş şəkildə yayılıb. Bu, 28 fevraldan – boğazı bağladığı gündən bəri İranın ilk belə addımıdır.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə bildirib ki, İran ətrafında dəniz blokadası tətbiq edildikdən bəri Amerika hərbçiləri İran limanlarına yönələn və ya ölkə sahillərini tərk etməyə çalışan 29 gəmini istiqamətini dəyişməyə məcbur edib. Qurum bəzi kommersiya gəmilərinin guya blokadanı yarıb keçməsilə bağlı məlumatları təkzib edib.
Daha əvvəl ABŞ bəyan etmişdi ki, danışıqlar üçün “vahid təklif” təqdim olunana qədər İran limanlarının və gəmilərinin Hörmüz boğazından keçidini blokadaya alacaq. İran isə buna cavab olaraq boğazın Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün bağlandığını açıqlayıb. Bu fonda qlobal enerji böhranı dərinləşməyə davam edir.
“İran dialoqu və razılaşmanı dəstəkləyib və bunu davam etdirir. Amma ABŞ-nin öhdəlikləri pozması, blokada və təhdidləri real danışıqlar üçün əsas maneələrdir. Dünya sizin sonsuz ikiüzlü ritorikanızı və bəyanatlarınızla əməlləriniz arasındakı ziddiyyəti görür” – İran prezidenti Məsud Pezeşkian belə deyib.
Ağ Evin mətbuat katibi Karolayn Levitt isə bildirib ki, “İran zənginləşdirilmiş uranı təhvil verməlidir. Biz İran rəhbərliyinin cavabını gözləyirik”.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf dünən gec saatlarda yazıb ki, ABŞ və İsrail atəşkəs rejimini “kobud şəkildə” pozmağa davam etdikləri müddətcə Hörmüz boğazında fəaliyyətin bərpası “mümkün olmayacaq”. O, ABŞ-nin dəniz blokadasını, “qlobal iqtisadiyyatın girov götürülməsini” və “sionist hərbi aqressiyanı” xatırladıb.
“İran limanlarına qarşı blokada davam etdiyi şəraitdə ABŞ və İran arasındakı atəşkəs rejiminin heç bir mənası yoxdur. Onlar hərbi təcavüz yoluyla məqsədlərinə nail ola bilmədilər, hədələməklə də nail olmayacaqlar. Yeganə çıxış yolu İran xalqının hüquqlarının tanınmasıdır” – Qalibaf “X” platformasındakı səhifəsində belə yazıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi qüvvələrinin komandanı Məcid Musəvi region ölkələrini təhdid edib:
“İranın qonşuları öz ərazilərindən Tehranın düşmənlərinin istifadə etməsinə icazə versələr, neft hasilatıyla vidalaşa bilərlər”.
“Politfm”



