Bazar günü ABŞ ilə danışıqlardan sonra İrana qayıdan nümayəndə heyətinin olduğu təyyarələri Pakistan Hərbi Hava Qüvvələri müşayiət edib. “Reuters” agentliyinə danışan mənbələrin dediyinə görə, İran tərəfi İsrailin onlara hücum edə biləcəyindən ehtiyat edib.
Mənbələrin bildirdiyinə görə, Pakistan İran rəsmilərinin təhlükəsizliyini təmin etmək üçün prosesə təxminən iyirmiyə yaxın qırıcı təyyarə, o cümlədən hava üzrə erkən xəbərdarlıq və nəzarət sistemlərini cəlb edib.
Mənbələrdən biri qeyd edib ki, İran tərəfi istəsə, növbəti danışıqlar zamanı da oxşar təhlükəsizlik tədbirləri görüləcək:
“Pakistan təyyarələri onları Pakistanın hava məkanında qarşılayacaq”.
Danışıqlarda iştirak edən digər mənbə isə bildirib ki, ABŞ Prezidenti Donald Tramp bu həftəsonu baş tuta biləcək İran–ABŞ danışıqlarının ikinci raundu ərəfəsində belə tədbirlərin artıq hazırlandığını deyib.
“Danışıqlar uğursuz nəticələnəndən sonra iranlılar nəyinsə yolunda getmədiyindən narahat oldular. Onlar hədəf ola biləcəklərindən şübhələnirdilər. Pilotların məsuliyyəti baxımından yanaşsaq, bu, genişmiqyaslı operativ əməliyyat idi. Danışıqlara gəlmiş nümayəndə heyətinə cavabdehliyi öz üzərinə götürürsən, onlara hava örtüyü təmin edirsən və istənilən təhlükəyə qarşı durmağa qadir güclü qırıcıların var” – təhlükəsizlik sferasından olan mənbə belə deyib.
Danışıqlarda iştirak edən digər mənbə hava müşayiətinin olduğunu təsdiqləyib:
“Biz onları birbaşa Tehrana qədər müşayiət etdik. Onlar burdan ayrılandan sonra da təhlükəsizliklərinə biz cavabdeh idik”.
“Politfm”



