Foto: “Sözcü.com.tr”

Bu gün – aprelin 15-də Türkiyənin Kahramanmaraş şəhərindəki Ayser Çalık Orta Məktəbinə silahlı basqın olub. Üç şagird və bir müəllim ölüb, 20 nəfər yaralanıb. 

 

Kahramanmaraş valisi Mükerrem Ünlüer hadisəni törədən şəxsin həmin məktəbdə təhsil alan 8-ci sinif şagirdi olduğunu bildirib. Onun sözlərinə görə, şagird məktəbə 5 tapança və 7 daraq patronla gəlib, iki sinif otağına daxil olaraq hədəf seçmədən atəş açmağa başlayıb.

Ünlüer hücum edən şagirdin öldüyünü təsdiqləyib, lakin onun intihar etməsi və ya vurulması barədə hələlik dəqiq məlumatı olmadığını qeyd edib. Vali şagirdin atasının keçmiş polis əməkdaşı olduğunu, silahları evdən götürmüş ola biləcəyini qeyd edib.

Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bir gün əvvəl oxşar hadisə Şanlıurfada baş verib. Liseyin keçmiş şagirdlərindən biri ora gedərək silahla 16 nəfəri yaralayıb.

“Politfm”