Foto: “Reuters”
AZAL-a məxsus təyyarənin qəzaya uğramasıyla bağlı müzakirələrdə Azərbaycan və Rusiya arasında razılıq əldə olunub. Bu barədə Azərbaycan və Rusiya XİN-ləri birgə bəyanat yayıblar.
Sənəddə bildirilir ki, iki ölkə prezidentlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə əldə etdiyi anlaşmaya uyğun olaraq tərəflər 2024-cü il dekabrın 25-də “Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində” AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasıyla bağlı məsələlərin həlli, o cümlədən kompensasiyanın ödənilməsi barədə razılığa gəliblər.
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin “Embraer-190” təyyarəsi 2024-cü ilin dekabr ayının 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən pis hava şəraiti səbəbindən geri dönüb və Qazaxıstan ərazisində qəzaya uğrayıb.
Təyyarədəki 67 nəfərdən 38 -i həlak olub.
Azərbaycan rəsmiləri qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını, təyyarəyə Rusiya ərazisində müdaxilə olunduğunu bildiriblər.
Bakı Moskvadan məsuliyyətinin etirafını, günahkarların cəzalandırılmasını və kompensasiya tələb edib.
“Politfm”



