Foto: Ermənistan parlamentinin Mətbuat Xidməti


Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iyunda keçikriləcək parlament seçkilərində iştirak etməyi planlaşdıran müxalifət qüvvələrini “üçbaşlı müharibə partiyası” adlandırıb (“jam-news”).

Daha əvvəl Baş nazir Nikol Paşinyan da müxalifət düşərgəsindəki əlaqələri belə qiymətləndirmiş, seçicilərin həmin qüvvələrə səs verməyəcəyinə eyhamla “üçbaşlı müharibə partiyasının seçkilərdə xalqdan divarla üzləşəcəyini” demişdi.
Hakim partiyanın nümayəndələri “üçbaşlı müharibə partiyası” dedikdə müxalif “Ermənistan” blokunun, “Güclü Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyalarının əməkdaşlığını nəzərdə tuturlar.

Paşinyan iddia etmişdi ki, bu təşkilatların liderləri Azərbaycanla sülhə “yenidən baxılması və razılaşmanın reviziyası” mövqeyindən çıxış edirlərisə , belə yanaşma müharibəyə gətirib çıxaracaq.

“Ermənistan” blokunun lideri keçmiş prezident Robert Koçaryandır. “Güclü Ermənistan” partiyasına rusiyalı biznesmen Samvel Karapetyan rəhbərlik edir. O, ötən ilin iyununda hakimiyyəti ələ keçirməyə public çağırış ittihamıyla həbs olunub, hazırda ev dustaqlığındadır. “Çiçəklənən Ermənistan” partiyasının qurucusu və rəhbəri isə iri çaplı sahibkar Qağik Tsarukyandır.

“Gizli namizəd” mübahisəsi

Rubinyan xatırladıb ki, “Çiçəklənən Ermənistan” partiyası baş nazirliyə namizədini açıqlamayıb, “Güclü Ermənistan”ın namizədi Samvel Karapetyansa bu vəzifəyə iddia edə bilmir, çünki Ermənistan Konstitusiyasına görə bu vəzifəyə yalnız Ermənistan vətəndaşı iddia edə bilər. Kapetyan həm Ermənistan, həm Rusiya, həm də Kipr vətəndaşıdır.

“İndi nə alınır? Bu üçbaşlı müharibə partiyasının baş nazirliyə neçə namizədi var? Bir. Çünki rusiyalı oliqarx baş nazir ola bilməz, Tsarukyanın namizədliyi irəli sürülməyib. Deməli, bu üç qüvvənin cəmi bir namizədi var: Koçaryan” – Rubinyan belə deyib.

Rubinyan bunu seçkilərə “gizli namizədlə qatılmaq” fəndi adlandırıb.
O həmçinin qeyd edib ki, seçkilərə “Çiçəklənən Ermənistan”nın partiya siyahısıyla qatılacaq şəxslər arasında 2021-ci ilin növbədənkənar seçkilərində Koçaryanın blokunda olmuş adamlar da var.

Belələrinə yeni yaradılmış “Güclü Ermənistan” partiyasının siyahısında da yer ayrılıb. İkinci yer Samvel Karapetyanın blokundakı A.Vardevanyana verilib. Daha əvvəl o, Koçaryanın vəkili olub və əvvəlki seçkidə parlamentə Koçaryanın blokundan seçilib.

“Gördüyüm siyahılar elə təəssürat yaradır ki, sanki bütün adlar qarışdırılıb, bölüşdürülüb və ümumi siyahı hazırlanıb. Sadəcə adları bölüşdürüblər, hərə bir partiya adı çəkib və belə siyahı ortaya şıxıb” — Rubinyan belə deyib.

Jurnalistlərdən biri “Samvel Karapetyan deyir ki, onlar Ermənistan naminə hər şeydən imtina edirlər…” deyə sözə başlayanda Rubenyan onun süzünü kəsib:

“Bəs o, Ermənistan naminə Rusiya və Kipr pasportlarından imtina etməyi düşünürmü? Yoxsa bu, ‘xilaskarlar’ arasında yeni trenddir? Hamı ölkəni başqa ölkələrin vətəndaşı olmaqla xilas etməyə çalışır. Arxiyepiskop Baqrat Kanada vətəndaşı idi. Biz ona dedik ki, bəlkə, imtina edəsiniz, etmədi. Onlar baş nazir olmaq istəyirlər, amma xarici vətəndaşlıqdan imtina etmirlər ki, xalqı başqalarının iradəsini icra etmədiklərinə inandırsınlar”.

Rubinyan dollar milyarderi Karapetyanın konkret olaraq kimin göstərişlərini yerinə yetirəcəyini deməyib, hərçənd onun əmlakının və biznesinin böyük hissəsinin Rusiyada olduğu bilinən faktdır.

“Mən bilmirəm, o kimin iradəsini yerinə yetirəcək, amma dəqiq bilirəm ki, bu, Ermənistan xalqının iradəsi olmayacaq”.

“Yeni simalar” mübahisəsi

Tsarukyan bir neçə dəfə bəyan edib ki, “Çiçəklənən Ermənistan”ın baş nazirliyə bir neçə namizədi var və partiya nə keçmiş, nə də indiki hakimiyyətlə əlaqəlidir. O, Ermənistana “gələcəyin baş naziri” lazım olduğunu deyib.

Rubinyan bu fikrə belə münasibət bildirib:

“Tsarukyan yeni simalardan danışır. Kimlərdir bu yeni simalar? Koçaryan yeni simadır? Yoxsa Tsarukyan özü?Bəlkə, fiziki vəziyyəti yaxşıdır, amma nəyi yenidir? Bəs Rusiya oliqarxında yeni olan nə var?”

O xatırladıb ki, Karapetyanın qardaşı daha əvvəl Respublika Partiyasında olub və Serj Sarqsyanın administrasiyasında çalışıb.

Jurnalistlərin “Namizədlərinin Koçaryan olduğunu niyə açıq demirlər ki” sualına Rubinyan belə cavab verib:

“Bu gün “Çiçəklənən Ermənistan”ın siyahısında olan Martun Qriqoryan niyə Gümrüdəki seçki kampaniyasında Vardan Qukasyanın namizədliyini dəstəkləməyəcəyini deyirdi? İnsanları çaşdırmaq, səs yığmaq üşün. Amma sonda gedib Qukasyana səs verdi”.

Martın 30-da Gümrüdə növbədənkənar bələdiyyə seçkiləri keçirilib. Heç bir partiya “50 faiz+1” həddini keçə bilməyib. Ən çox səsi hakim “Vətəndaş müqaviləsi” partiyası toplayıb. Lakin müxalif qüvvələrdən heç biri onunla koalisiya qurmağa razılıq verməyib. Seçki baryerini keçən dörd müxalif partiyadan üçü Ermənistan Kommunist Partiyasının mer postuna namizədi Vardan Qukasyanı dəstəkləyib.

Rubinyan Gümrü seçkilərindəki siyasi sxemlərdən bu dəfə də istifadə olunduğunu iddia edib; deyib ki, səs almaq naminə guya bir-biriləriylə əlaqələri olmadığını göstərməyə çalışan, sonra isə birləşməyə planlaşdıran müxalifət “Gümrü-2” ssenarisini reallaşdırmağa hazırlaşır:

“Amma bir fərqlə. Əgər “Gümrü” ssenarisi nəticəsində mer olan Vardan Qukasyan altı ay sonra korrupsiya ittihamıyla həbs edildisə, bu dəfə (qalib gələcəkləri halda – red.) heç kim həbs olunmayacaq, çünki korrupsiya köhnə, yaxşı günlərdə olduğu kimi çox arzuolunan, vətənpərvər və hörmətli bir fəaliyyətə çevriləcək”.

“Polirfm”