Foto: Sİ


Azərbaycanda yol problemi deyəndə ilk növbədə Bakı tıxacları yada düşür. Halbuki bölgələrdə yaşayanlar da ölkənin nəqliyyat sistemindən əziyyət çəkirlər. Daha doğrusu, bu sistemin ümumiyyətlə olmamasından.

Bütün yollar Bakıya aparır

Azərbaycanda regionlararası nəqliyyat şəbəkəsi tarixi və coğrafi olaraq mərkəzləşmiş model üzərində qurulub. Bu modeldə əsas mərkəz faktiki olaraq Bakı və onun ətrafıdır.
Əsas magistral yolların böyük hissəsi Bakıya və ya Abşeron yarımadasına bağlanır:
– Şimal (Quba, Xaçmaz) istiqaməti;
– Qərb (Gəncə, Qazax) istiqaməti;
– Cənub (Lənkəran, Astara) istiqaməti.
Bu yolların çoxu bir-biriylə birbaşa deyil, Bakı ətrafında kəsişir.
Bir regiondan digərinə (məsələn, şimaldan cənuba) gedənlər çox vaxtlar Bakı ətrafından keçməli olur.

Kağız üzərində alternativ marşrutlar olsa da, yollar dar, keyfiyyətsiz, uzaq məsafəli və logistika baxımından əlverişsizdir.
Bu səbəbdən sürücülər və yük daşıyanlar ən qısa və rahat variant kimi Bakının kənar yollarını seçirlər.

Bundan başqa, Bakı həm də əsas yük anbarlarının yerləşdiyi yerdir: liman, logistika və beynəlxalq daşımalar mərkəzidir.
Yolların belə quruluşu regionlararası hərəkəti avtomatik olaraq Bakıya bağlayır və bu, paytaxtın yollarının daha da yüklənməsinə gətitib çıxarır.
Üstəlik, ağır tonnajlı maşınlar da eyni marşrutlardan istifadə edir, yollara ciddi zərər dəyir.
Nəticədə böyük vaxt itkisi, əlavə xərc və daha çox tıxac yaranır.

Daha əvvəl Azərbaycanda bir çox bölgəyə dəmiryolu xətti vardı. İndi isə nəqliyyatın bu növündən daha çox yükdaşımalar üçün istifadə olunur.
Sərnişin daşımaları üçün marşrutların adekvat sayda olması həm yollardakı maşın sayını azaldar və yolların isrismar müddətini uzadar, həm də uzaq məsafələri daha tez və daha rahat qət etməyə imkan yaradardı.

Nə etməli?

Bölgələrarası nəqliyyat sistemini optimallaşıdırmaq üçün Bakını mərkəzi qovşaq halından xilas edib şəbəkənin bir hissəsinə çevirmək lazımdır.
Hazırda Azərbaycan üçün ən kritik layihələr aşağıdakılardır:
1. Ələt–Yevlax logistika dəhlizi
Ələt limanından çıxan yük Bakıya girmədən birbaşa regionlara yönləndirilə bilər. Bu, paytaxtın yükünü ciddi ölçüdə azaldar.
2. Mingəçevir logistika mərkəzi
Ölkənin orta ərazisində yerləşən bu şəhər əsas paylayıcı mərkəzə çevrilə bilər. Yəni yük əvvəl Bakıya yox, birbaşa regiona gedər.
3. Bakıətrafı tam halqa yolu
Tranzit maşınlar Bakıya daxil olmaz, tıxaclar azalar.
4. Regionlararası birbaşa xətlər
Gəncə–Lənkəran, Şəki–Quba kimi birbaşa marşrut yolları salınsa, ölkə daxilində hərəkət etmək üçün Bakıya gəlməyə ehtiyac qalmaz.
5. Qarabağ nəqliyyat dəhlizləri
Yevlax–Bərdə–Ağdam–Xankəndi xətti regionun iqtisadi inteqrasiyası üçün əsas arteriyaya çevrilə bilər.

Orta və uzun müddətli dəyişikliklər

Lənkəran–Biləsuvar–Saatlı xətti cənub zonasını Bakı istiqamətindən xilas edər.
Quba–Şamaxı dağ-keçid yolu şimal və mərkəzi zona arasında birbaşa yaradar.

Eyni zamanda, Gəncədə, Mingəçevirdə və Lənkəranda “quru liman” mərkəzləri yaradıla bilər; rəqəmsal logistika sistemi marşrutları real zamanda idarə etməyə imkan verər.

Bu layihələr Bakı ərazisindən keçən yükün həcmini azaldar, regionlar arasında birbaşa əlaqə yaradar, logistika xərcləri azalar, iqtisadi aktivlik paytaxtdan bölgələrə yayılar və ən əsası – ölkədə nəqliyyat sistemi, nəhayət, qurulmuş olar.

“Politfm”