Foto: Leonhard Föger/”Reuters”


“Macarıstan Avropa İttifaqı və NATO ilə yaxın müttəfiq olacaq” — “Tisa” müxalifət partiyasının lideri, 45 yaşlı Peter Maqyar seçkilərdə qələbəsi məlum olandan sonra şadyanalıq edən tərəfdarları qarşısında belə deyib. Amma onun qarşıdakı illərdə hansı siyasəti yürüdəcəyi barədə fərqli fikirlər var.


DW nəşrinin Maqyarın siyasi keçmişiylə bağlı məqaləsində qeyd olunur ki, ixtisasca vəkil olan bu şəxs iki il əvvələ qədər Viktor Orbanın sağ-populist “Fidesz” partiyasının gənclər qanadında təmsil olunub; siyasi səhnənin ön planına 2024-cü ilin fevralında, qəflətən çıxıb, səbəb həmin vaxt “Fidesz”də baş vermiş qalmaqal olub. Onun daha sonra ayrıldığı həyat yoldaşı — Orban hökumətinin keçmiş ədliyyə naziri Judit Varqanın da həmin qalmaqala aidiyyatı vardı. Varqa cinsi zorakılıq faktını gizlətməkdə ittiham olunan uşaq evinin direktor müavini barədə əfv fərmanı imzaladığına görə istefa verməli olmuşdu.

Maqyarın natiqlik qabiliyyəti tez bir zamanda ona populyarlıq qazandırdı. Orban hakimiyyətindən yorulan, lakin ənənəvi müxalifətə də etibar etməyən macarlar üçün o, korrupsiya ifşaçısına və qəhrəmana çevrildi. Maqyarın kiçik, konservativ və Avropa yönlü “Tisa” (“Hörmət və Azadlıq”) partiyası tezliklə sorğularda “Fidesz”i ötdü.

Maqyar Macarıstanda radikal dəyişikliklər vəd etdi və etirazlara minlərlə insan toplamağa başladı. O, müsahibələrində bildirirdi ki, Orbanın partiyasına üzv olduğu dönəmdə də tənqidi mövqe tutub. “Heş vaxt publik demədim, qaydalar belə idi. Amma partiya daxilində bir çox məsələlər üzrə tənqid edirdim” — Maqyar Almaniyanın “Tagesschau” portalına müsahibəsində belə deyib.

Macarıstanı 16 il idarə edən Orban fonunda Maqyar zahiri görünüşüylə də müsbət təsir bağışlayırdı: idmançılara xas bədən quruluşu, səliqəli saç düzümü, enerjili nitqi vardı. O özünü ölkənin problemlərini yaxşı anlayan siyasətçi kimi təqdim edir, hakimiyyətin korrupsiyasını ifşa edir, Macarıstanda hüququn aliliyini və demokratiyanı bərpa edəcəyinə söz verirdi; ölkə köhnəldiyini, iqtisadiyyatının geri qaldığını deyirdi.

Qurduğu “Tisa” partiyasının proqramında bunlar vardı: Macarıstanın Aİ və NATO-da etibarlı tərəfdaş kimi rolunun bərpası, səhiyyə və təhsil islahatları, sosial siyasətin yaxşılaşdırılması, yoxsulluğun azaldılması.

DW qeyd edir ki, Maqyar sərt miqrasiya siyasətinin tərəfdarıdır, Ukraynaya silah tədarüklərini tənqid edir və LGBTQ icmasıyla bağlı məsələlərdə qeyri-müəyyən mövqe tutur. Seçki kampaniyası zamanı Orban kimi o da vətənpərvərliyə apellyasiya edirdi. Bəzi ekspertlər Maqyarı həm də buna görə 20 il əvvəlki Orbanla müqayisə edirlər.

BBC-nin materialında onun digər seçki vədləri də təqdim edilib:

– Baş nazirin vəzifəsi yenidən iki müddətlə, maksimum 8 illə məhdudlaşdırılacaq;

– 16 ildir vəzifədə olan Viktor Orbanın bu müddəti qəsdən aşdığı hesab ediləcək və o, ömürlük siyasətdən kənarlaşdırılacaq;

– Korrupsiyaya Qarşı Mübarizə Nazirliyi yaradılacaq;

– keçmişdəki bütün dövlət tenderləri ətraflı araşdırılacaq;

– Aİ ilə münasibətlər normallaşdırılacaq;

– Macarıstanda Avropa Dövlət Prokurorluğu yaradılacaq;

– Aİ ilə münasibətlərdə qanunun aliliyi bərpa olunacaq;

– Orban hökuməti tərəfindən elan edilən və saxlanılan fövqəladə vəziyyət və digər məhdudiyyətlər dərhal ləğv ediləcək;

– dövlət qurumlarına yerləşdirildiyi iddia edilən “Fidesz” (Macarıstan Vətəndaş Birliyi Partiyası) kadrları işdən çıxarılacaq, bütün dövlət qurumları siyasi partiya üzvlərindən təmizlənəcək;

– “Fidesz” üzvlərinə verildiyi iddia edilən milli sərvətin geri qaytarılması üçün xüsusi monitorinq bölmələri və istintaq prokurorluqları yaradılacaq;

– dövlət televiziyasının xəbər şöbəsi ləğv ediləcək;
– müstəqil yayımı təşviq etmək üçün dövlət radio və televiziyası yenidən qurulacaq.

“Politfm”