Hesablama Palatasının sədri Vüqar Gülməmmədov (foto: internet)
“Nəzarət tədbirlərinin nəticəsi göstərir ki, rəqabətli satınalmaların yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətindən 20% və daha çox fərqlənib”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib (“iqtisadiyyat.az”).
O həmçinin qeyd edib ki, bir mənbədən satınalmalar zamanı ehtimal olunan qiymət əksər hallarda hesablanmır:
“Düzdür, qanunda bunun hesablanmamasının əsaslı olduğu hallar da göstərilib. Amma təhlillər göstərir ki, ehtimal olunan qiymətlər daha çox hallarda hesablanmayəb. 2025-ci ildə bir mənbədən metodu tətbiq olunmaqla keçirilmiş dövlət satınalmaları barədə məlumata əsasən, onların yalnız 2%-də ehtimal olunan məbləğ qeyd edilib. Təhlillər göstərir ki, məbləğ ifadəsində ən böyük fərq əsasən tikinti, tibb sahəsi və enerji layihələri üzrə bağlanılmış müqavilələr üzrə olub”.
Satınalmaların vaxtında keçirilmədiyini qeyd edən Gülməmmədov bildirib ki, 2025-ci ildə də satınalmalar rüblər üzrə qeyri-bərabər paylanıb, xüsusilə ilin son rüblərində (III və IV rüblər) cəmləşmə meyli müşahidə olunub:
“2024-cü illə müqayisədə 2025-ci ildə müəyyən balanslama müşahidə edilsə də, satınalmaların əsas hissəsi (təxminən 60%-i, o cümlədən 4-cü rübdə 31,2%-i) yenə də ilin ikinci yarısında həyata keçirilib. 2025-ci il ərzində müsabiqə əsaslı dövlət satınalmaları həyata keçirmiş 1400-dən çox təşkilatın 900-dən çoxu (təxminən 64%-i) satınalma fəaliyyətinə yalnız ikinci rübdən etibarən başlayıb. Bununla yanaşı, təxminən 130 təşkilatın ilk satınalması 6-cı ayda, 70-dən çox təşkilatın ilk satınalması isə 9-cu ayda baş verib”.
“Politfm”



