Ukraynanın Prezident Ofisinin rəhbəri Kirill Budanov “Bloomberg” nəşrinə müsahibəsində Ukraynayla Rusiya arasında sülh danışıqlarının perspektivləri barədə ehtiyatlı nikbinlik ifadə edib. O, ABŞ-nin iştirakıyla keçirilmiş əvvəlki üçtərəfli danışıqlar zamanı tərəflərin “məqbul olanın sərhədlərini aydın şəkildə anlamağa” nail olmasını “böyük irəliləyiş” adlandırıb.

 

Məlumata görə, Budanov müsahibəni aprelin 4-də verib. Onun sözlərinə görə, sonuncu raundu fevralayında Cenevrədə keçirilmiş danışıqlarda sülh nizamlanmasına doğru addımlar atılıb (“RadioSvoboda”).

“Hamı anlayır ki, müharibəni bitirmək lazımdır” deyən Budanov əlavə edib ki, “Bunun çox vaxt aparacağını düşünmürəm”.

O həmçinin qeyd edib ki, yekun qərar hələ qəbul edilməyib və tərəflər hələ də “maksimalist mövqelər” nümayiş etdirirlər, amma kompromis axtarışının əlamətləri də mövcuddur. Prezident Ofisinin rəhbəri danışıqlarda uğursuzluq ehtimalının da qaldığını bildirib.

Budanovun sözlərinə görə, ən çətin məsələ ABŞ nümayəndələrinin də əvvəllər vurğuladığı kimi, ərazi məsələsidir. Rusiya Ukrayna qoşunlarının Donetsk vilayətindən (o cümlədən hələ tam nəzarət etmədiyi ərazilərdən) çıxarılmasını tələb edir, Ukrayna isə atəşkəsin mövcud cəbhə xətti üzrə elan olunmasında israr edir. Moskva işarə vurur ki, hazırda atəşkəsə nail olmaq yolunda əsas maneə məhz ərazi məsələsidir. Daha əvvəl Rusiyanın başqa tələbləri də vardı.

Budanov bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsində də hələ tam aydınlıq yoxdur. O qeyd edib ki, Rusiyanın mobilizasiya resursuyla bağlı problemi yoxdur, amma müharibənin davam etdirilməsi ciddi maliyyə xərcləriylə müşayiət olunur və bu artıq Rusiya büdcəsinə təsir göstərir.

Budanov “Ukrinform” nəşrinə müsahibəsində bildirib ki, üçtərəfli danışıqlara fasilə verilmiş olsa da, Ukrayna və Rusiya hazırda da təmasdadır. Xüsusilə Pasxa bayramı ərəfəsində əsir mübadiləsi müzakirə olunur. Bundan əvvəl həlak olanların cəsədlərinin mübadiləsi baş tutub.

Daha əvvəl həm Rusiya, həm də Ukrayna Pasxayla bağlı atəşkəsə əməl edəcəklərini açıqlayıblar; bu atəşkəs şənbə axşamından bazar ertəsinə keçən gecə yarısına qədər davam etməlidir. Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiyanın Pasxadan sonra da atəşkəsə əməl etməsinə heç nə mane olmaz.

Son həftələrdəki müstəqil qiymətləndirmələrə görə, Rusiya qoşunlarının irəliləyiş tempi, demək olar ki, sıfıra enib (Bəzi istiqamətlərdə, məsələn, Slaviyanskın şərqində irəliləyiş var, digər yerlərdə, o cümlədən Zaporojye vilayətində isə mövqelər itirilir). Ekspertlər bunu dronların hücum əməliyyatlarını ciddi şəkildə çətinləşdirməsiylə izah edirlər. Eyni zamanda, Ukrayna, demək olar ki, hər gün Rusiya ərazisinin dərinliklərinə zərbələr endirir. Müharibənin ilk illərində bu müşahidə olunmurdu.

“Politfm”