Foto: Sven Hoppe /“Getty Images”
Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs çağırışını yenidən səsləndirib. İki gün öncə o, Rusiyaya təklif etmişdi ki, Pasxa bayramı münasibətilə hücumlar dayandırılsın.
“Ukrayna hər zaman Rusiyanın burada, Avropada dövlətimizə və xalqımıza qarşı apardığı müharibədə atəşkəsə çağırıb. Biz Yaxın Şərqdə və Körfəz bölgəsində diplomatik fəaliyyət üçün imkan yaradan sakitliyi dəstəkləyirik. Ukrayna bir daha Rusiyaya bildirir: ruslar zərbələrini dayandırsalar, biz də güzgü prinsipiylə cavab verməyə hazırıq. Bu, hamı üçün aydındır ki, atəşkəs razılaşmalar üçün düzgün zəmin yarada bilər” – Zelenski “Teleqram” kanalında belə yazıb.
O, əlavə edib ki, Ukraynanın hərbi ekspert qrupları təhlükəsizlik imkanlarının daha da inkişaf etdirilməsi məqsədilə regionda fəaliyyətlərini davam etdirəcəklər: “Bu regiondakı vəziyyət qlobal təsirə malikdir: Yaxın Şərqdə və Körfəz bölgəsində təhlükəsizliyə və sabitliyə yönəlmiş istənilən təhdid hər bir ölkədə iqtisadi çağırışları və həyat xərclərini artırır. Məhz buna görə də təhlükəsizlik təmin edilməli və müharibədən sonrakı şərtlər müəyyən edilərkən hər bir xalqın maraqları nəzərə alınmalıdır”.
Zelenski Hörmüz boğazında azad gəmiçilik imkanlarının qorunması məsələsinə də toxunub: “Qətiyyət bu məsələdə də qlobal əhəmiyyət daşıyır. Düzgün nəticənin əldə olunması üçün beynəlxalq ictimaiyyətin fəal və koordinasiyalı addımları zəruridir. Müharibədən sonra təhlükəsizlik daha az yox, daha çox olmalıdır. Ukrayna bütün tərəfdaşlarla konstruktiv əməkdaşlığını davam etdirəcək. Kömək edən hər kəsə təşəkkür edirəm!”
“Politfm”



