Foto: Aleksandr Saverkin/İTAR-TASS


Ermənistan Milli Məclisi Seçki Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda və bütövlükdə qəbul edib. Dəyişikliklərə əsasən, partiya bloklarının adlarında şəxsi adların istifadəsi qadağan edilir.

Layihənin lehinə 69 deputat səs verib, əleyhinə səs verən olmayıb, 4 nəfər bitərəf qalıb (“Armenpress”).

Təklif olunan dəyişikliklərə görə, partiya bloklarının adlarında şəxsi adlarla yanaşı, dövlət və yerli özünüidarəetmə orqanlarının adları və ya onlara bənzər ifadələrin istifadəsinə də yol verilməyəcək. Blok adlarında təhqiredici və ya böhtan xarakterli söz və ifadələrin işlədilməsi də qadağan olunur.

Layihədə həmçinin nəzərdə tutulur ki, Milli Məclisə və icma şuralarına proporsional seçki sistemi üzrə keçiriləcək seçkilərdəki zərfdə bülletendən başqa hər hansı predmet olsa, həmin bülleten etibarsız sayılacaq. Dəyişikliklərə qədər belə bülletenlər etibarsız hesab olunmurdu.

Layihənin müzakirəsi zamanı “Güclü Ermənistan” partiyasının tərəfdarları Milli Məclisin qarşısında etiraz aksiyası keçiriblər. Bu partiya ötən günlərdə açıqlamışdı ki, parlament seçkilərinə “Samvel Karapetyanla Güclü Ermənistan” adlı blokda qatılacaq. Onlar layihəni antidemokratik hesab edirlər və bildirirlər ki, blokların adıyla bağlı dəyişikliklər məhz Karapetyanla əlaqəlidir, seçkilərə cəmi iki ay qalmış Seçki Məcəlləsinə belə mühüm dəyişikliklər etmək doğru deyil.

“Güclü Ermənistan” partiyasının nümayəndəsi Alik Aleksanyan jurnalistlərə bildirib ki, Samvel Karapetyanın digər ölkələrin vətəndaşlığından imtina prosesi artıq başlayıb və icra mərhələsindədir. O, Karapetyanın Rusiya, Ermənistan və bir də Avropa vətəndaşlığı olduğunu deyib, amma sonuncusunun konkret hansı ölkəyə aid olduğu açıqlamayıb.

Rusiyanın ən varlı 30 mülkiyyətçisi siyahısında üçüncü yerdə olan (“Forbes”) Karapetyan keçən ilin iyun ayında Ermənistanda hakimiyyət çevrilişinə çağırış ittihamıyla həbs edilib.

Layihəyə parlamentin müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyaları da etiraz edib. Onlar vurğulayıblar ki, seçkilərə az vaxt qaldığı şəraitdə “oyun qaydalarını” dəyişmək olmaz.

Layihənin müəllifi Arusyak Julakyansa tənqidlərə cavab olaraq bildirib ki, Venesiya Komissiyası seçkilərə az qalmış dəyişikliklər edilməməsini tövsiyə etsə də, bu, əsasən seçki sistemi, seçki komissiyalarının formalaşdırılması və seçki dairələrinin dəyişdirilməsi kimi məsələlərə aiddir, layihədəki dəyişikliklərsə texniki xarakter daşıyır və qeyd olunan üç sahədən heç birinə daxil deyil.

“Politfm”