ŞAprelin 4-də İranın cənub-qərbindəki Məhşəhrdə neft-kimya kompleksinə zərbələr endirilib (foto: “Reuters”)


İran sakinləri ölkədəki elektrik stansiyalarının və körpülərin məhv edəcəyilə bağlı ABŞ Prezidenti Donald Trampın hədələri barədə düşündüklərini BBC-yə danışıblar.


Tramp bazar günü sosial şəbəkədə sərt ifadələr işlətdiyi paylaşımında bildirib ki, “Çərşənbə axşamı İran üçün elektrik stansiyaları və körpülər günü olacaq — hamısı eyni anda. Beləsi hələ olmayıb!!!”

İran hakimiyyəti onun razılaşma üçün son gün və saat müəyyən etməsini (Tehran vaxtıyla 03:30) istehza ilə qarşılayıb. İran prezidentinin köməkçilərindən biri deyib ki, Trampın “təhqirləri və mənasız ifadələr” onun “çarəsizliyinin və qəzəbinin” göstəricisidir.

İranda internetin beş həftədən artıqdır ki, hakimiyyət tərəfindən məhdudlaşdırılmasına baxmayaraq BBC ölkə daxilində olan bir neçə iranlıyla danışa bilib. Onların hamısı mövcud hakimiyyətə qarşıdır, yaşları 20 ilə 40 arasındadır. Təhlükəsizliyə görə adları dəyişdirilib.

“Elə bil getdikcə daha dərin bir bataqlığa batırıq. Biz – adi insanlar – nə edə bilərik? Heç nə. Onu [Trampı] dayandıra bilmərik. Elə hey fikirləşirəm ki, bir ay sonra ailəmlə birlikdə susuz, işıqsız – ümumiyyətlə hər şeysiz qalacam. Kimsə şamı söndürəcək və biz sadəcə yatacağıq” – Tehranda yaşayan Kəsra belə deyib.

Rəsmi televiziya mağazalarda bolluq görüntüləri nümayiş etdirsə də, bəzi sakinlər ərzaq ehtiyatı toplayır, onlar su təchizatında da fasilələr ola biləcəyindən narahatdırlar.

Tehranda yaşayan Mina deyib ki, “Anam evdə tapa bildiyi hər şüşəyə su doldurur. İndi nə etməli olduğumuzu bilmirəm. Məncə, İranda getdikcə daha çox insan anlayır ki, Tramp onlara heç bir önəm vermir. Mən ona bütün qəlbimlə nifrət edirəm. Onu dəstəkləyənləri də”.

Yanvar ayında – ölkə üzrə hökumətə qarşı kütləvi aksiyalar keçiriləndə Tramp etirazçılara “yardımın artıq yolda olduğunu” demişdi. Amma İran təhlükəsizlik qüvvələri nümayişləri misli görünməmiş şəkildə yatıranda o buna mane olmadı.

ABŞ-də yerləşən “Human Rights Activists News Agency” təşkilatının məlumatına görə, həmin hadisələr zamanı azı 6508 etirazçı öldürülüb, 53 min nəfərsə həbs olunub.

BBC-yə danışanların bəziləri bildirib ki, əvvəlcə ABŞ və İsrailin zərbələrini vəd edilən yardım kimi qəbul ediblər, amma enerji infrastrukturuna hücumları “qırmızı xətt” hesab edirlər.

“İndiyə qədərki demək olar, bütün zərbələrə görə İsrailə və ABŞ-a təşəkkür edirdim. Yəqin ki, bunun ciddi səbəbləri var, deyə düşünürdüm. Amma and içirəm ki, elektrik stansiyasına zərbə ölkəni iflic edər. Bu, yalnız hakimiyyətin xeyrinə işləyər. Mən Kərəcdə ən böyük elektrik stansiyasından təxminən bir kilometr aralıda yaşayıram və ora zərbə endirilsə, bu, yalnız əzab gətirəcək” – Tehranın qərbindəki Kərəc şəhərində yaşayan Arman belə deyib.

Tehranda yaşayan Radinsə fərqli düşünür: “Əgər ölkədəki obyektlərə zərbələr İslam Respublikasının süqutuna səbəb olacaqsa, bu məni qane edir. Çünki bu müharibədən sağ çıxsa, hakimiyyətdə əbədi qalacaq”.

BBC-yə danışanların çoxu müharibənin iqtisadi nəticələrindən narahatdır.

Tehranda yaşayan Bəhmən:

“Düşünürəm ki, Tramp İranın verəcəyi cavabdan qorxur. Əminəm ki, İran cavab olaraq bütün region ölkələrinə zərbələr endirəcək. Mənim həyat rejimim tamam dəyişib. İndiki vəziyyətdə işə də gedə bilmirəm, çünki tikintidə nəzarətçi mühəndisəm, indi heç kim heç nə tikmir. Bəzi kiçik şirkətlər artıq işçiləri ixtisar etməyə başlayıblar”.

Tehranda restoran sahibi olan Cəmşid bildirib ki, onun biznesi artıq əvvəlki kimi deyil: “Mən nikbin deyiləm. Düşünürəm ki, ən çoxu bir-iki ay davam gətirə bilərəm. İcarə haqqı məni boğur — ayda 200 milyon tümən” (təxminən 1270 dollar).

Bu məbləğ orta aylıq əməkhaqqıyla (təxminən 200–300 dollar) müqayisədə çox yüksəkdir.
BBC-yə danışanların çoxu bildirib ki, hələ də internetə çıxış üçün böyük məbləğlər ödəyirlər.

Ən geniş yayılmış üsul “Starlink” vasitəsilə peyk internetindən istifadə edən şəxslərin bağlantısına qoşulmaqdır. Amma İranda “Starlink”dən istifadəyə görə iki ilə qədər həbslə cəzalandırılır və hakimiyyət antenaları aşkar edib istifadənin qarşısını almağa çalışır.
İnternetə çıxış çox vaxt “Teleqram” üzərindən satılır və qiyməti 1 GB üçün təxminən 6 dollar təşkil edir.

“Mənə elə gəlir ki, ağlımı itirirəm. Hətta o qədər pul ödədiyim internet paketini də yeniləməmişəm. Tramp enerji infrastrukturuna zərbə endirəcəksə, bunun nə mənası var? Mənə çox ağırdır. Valideynlərimə də… İndi ən xırda şeylər üstündə mübahisə edirlər. Elə hey özümə deyirəm ki, hər şey qaydasındadır, amma bu gün düz üç dəfə əsəb sarsıntısı keçirmişəm” – Tehranda yaşayan Məryan belə deyib.

“Politfm”