ABŞ prezidenti Donald Tramp Tehranı yenidən hədəf alıb. O, dünən – aprelin 6-da Ağ Evdə keçirdiyi mətbuat konfransında bir daha təkrar edib ki, Hörmüz boğazı açılmayacağı təqdirdə İranın infrastrukturu “tamamilə məhv ediləcək”. İran geri addım atmayacağını bəyan edib.
Trampın Tehrana verdiyi vaxtın bitməsinə az qalsa da, tərəflər hələ ki heç bir məsələdə razılığa gələ bilməyiblər. ABŞ prezidenti bildirib ki, İran çərşənbə günü saat 20.00-a (Bakı vaxtıyla 03:00-a) qədər boğazı açmasa, ölkədəki bütün enerji stansiyaları və körpülər vurulacaq:
“Bütün ölkə bir gecədə yox edilə bilər və bu, sabah gecə də baş verə bilər”.
Trampın sözlərinə görə, ABŞ ordusu cəmi 4 saat ərzində İranın körpülərini və elektrik stansiyalarını sıradan çıxarmağa qadirdir. O, belə bir planın hazır olduğunu, lakin Vaşinqtonun hadisələrin bu həddə çatmasını istəmədiyini qeyd edib.
İran tərəfi bu açıqlamalara dərhal və sərt reaksiya verib. Ordunun mərkəzi qərargahı “Xatəm əl-Ənbiya”nın sözçüsü Ebrahim Zülfüqari dövlət televiziyasında çıxış edərək deyib ki, Trampın “kobud və əsassız iddiaları” İran ordusunun planlarına heç bir təsir göstərməyəcək.
İdman nazirinin müavini Alireza Rahimi sosial şəbəkə vasitəsilə sənətçilərə və idmançılara səslənib. O, hər kəsi elektrik stansiyalarının ətrafında “insan zənciri” yaratmağa səsləyib, xatırladıb ki, infrastruktur obyektlərinə hücum etmək müharibə cinayətidir.
Tehranın şərtləri
Dövlət televiziyası IRIB-in məlumatına görə, Tehran atəşkəs təklifini rədd edərək vasitəçilərə 10 maddəlik tələblər siyahısı təqdim edib:
– müharibənin tamamilə dayandırılması;
– ölkənin bərpası üçün təzminat ödənilməsi;
– sanksiyaların ləğv edilməsi.
Bundan başqa, İran Hörmüz boğazından keçid üçün yeni protokol hazırlanmasını tələb edir.
“Politfm”



