Foto: “iqair.com”
Havanın keyfiyyətini izləyən IQAir agentliyi (İsveçrə) “Dünya Hava Keyfiyyəti Hesabatı 2025” adlı araşdırmasını yayımlayıb.
İQAİR həm dövlətlərə, həm də özəl şirkətlərə məxsus sensorların məlumatlarını araşdıran ən böyük platformadır. BMT-nin Ətraf Mühit Proqramı və “Greenpeace” kimi beynəlxalq təşkilatlar məhz bu qurumun hesabatlarına istinad edirlər.
Araşdırma 143 ölkə üzrə 9 mindən çox şəhəri əhatə edib. Onlardan yalnız 13-ü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) PM2.5 (incə toz hissəcikləri) normativinə (5 µg/m³) cavab verib.
Hindistanın paytaxtı Dehli 8-ci dəfə ən kirli havası olan şəhər seçilib. Sonrakı yerlərdə Pakistan, Banqladeş və Tacikistan paytaxtlarıdır.
Dünyanın ən təmiz havasına sahib şəhərlərsə Fransadakı Papeete şəhəri, Puerto-Rikonun paytaxtı San-Xuan və Barbadosun paytaxtı Briktaun şəhərləri olub.
Bakı dünya paytaxtları arasında 54-cü yerdədir. Azərbaycanın paytaxtında PM2.5-in səviyyəsi ÜST normativindən təxminən 3-4 dəfə çoxdur. Bu, Bakının “orta dərəcədə çirkli” şəhərlər kateqoriyasına aid olduğunu göstərir.
Mütəxəssislər bildirirlər ki, hava kirliliyi sadəcə pis qoxu və ya toz deyil, insanın sağlamlığına və ekosistemə təsir edən ciddi bir təhlükədir.
Havanın kirli olması orqanizmə həm qısamüddətli, həm də xroniki zərər vurur. Xüsusilə PM2.5 hissəcikləri ağciyərin dərinliklərinə və qana keçə bilir; astma, bronxit və ağciyər xərçəngi riskinin artırır. Ağciyərin inkişafının ləngiməsi, vaxtından əvvəl doğum və uşaqlarda immunitetin zəifləməsi də bu amillə əlaqələndirilir.
“Politfm”



