Foto: “tvpirveli.ge”


2 aprel 2026-cı il tarixindən etibarən Gürcüstan vətəndaşları üçün ABŞ vizalarının verilməsi qaydaları dəyişib.


Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Gürcüstanı «Viza Zəmanətləri üzrə Pilot Proqram»ın şamil edildiyi, 50 ölkənin olduğu siyahıya daxil edib. Bu o deməkdir ki, Gürcüstan vətəndaşlarına çoxdəfəlik uzunmüddətli vizaların verilməsi praktikası faktiki olaraq ləğv edilib.

Yeni qaydalara əsasən, Gürcüstan vətəndaşları artıq 10 illik vizalar ala bilməyəcəklər. Viza yalnız birdəfəlik olmaqla, üç ay müddətinə və hərəkət çevikliyini ciddi şəkildə məhdudlaşdıran xüsusi şərtlərlə, ölkədə maksimum 30 gün qalmaq hüququyla veriləcək.

Digər vacib dəyişikliksə maliyyə zəmanəti tələbidir: Amerika konsulluğunun nümayəndəsi müraciətçinin viza şərtlərini pozmayacağına dair zəmanət olaraq ödəməli olduğu girovun məbləğini (5 000, 10 000 və ya 15 000 ABŞ dolları) müəyyən etmək hüququna malik olacaq.

Bu qərar Vaşinqtonun Tbilisi ilə münasibətlərinə yenidən baxması və Gürcüstanın demokratik kursdan geri çəkilməsinə verilən ilk ciddi konsulyar cavab kimi qiymətləndirilir. Ağ Evin bu sərt addımı “Gürcü Arzusu” hökumətinin son illərdə yürütdüyü və Qərbin antidemokratik adlandırdığı silsilə qərarlarının nəticəsidir.

Xüsusilə də cəmiyyətin kəskin etirazına rəğmən qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun (Rusiya modelinə bənzədilən “Xarici agentlər qanunu”) rəsmi Tbilisinin Avro-Atlantik inteqrasiya vədlərindən sapdığının ən bariz nümunəsi sayılır.

ABŞ Dövlət Departamenti bu qanun vasitəsilə vətəndaş cəmiyyətinin sıxışdırılmasını, müstəqil medianın fəaliyyətinin məhdudlaşdırılmasını və daxili siyasi rəqiblərin “satqın” elan edilməsini Gürcüstanın strateji tərəfdaşlıq öhdəliklərinə xəyanət kimi dəyərləndirir.

Bundan əlavə, Gürcüstan hakimiyyətinin Qərb diplomatlarına qarşı yönəlmiş aqressiv ritorikası və ölkəni “Qlobal Müharibə Partiyası”nın qurbanı kimi təqdim etmək cəhdləri Vaşinqtonun səbrini daşıran son damla hesab olunur.

“Politfm”