Foto: “Kremlin.ru”
Moskvada havaların isinməsinə baxmayaraq Kremldəki danışıqlar masasında “siyasi qış” rüzgarı əsdi – dünən, aprelin 1-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü sətiraltı mənalar və hədələrlə zəngin oldu. Bu görüşə sadəcə iki liderin təması yox, Cənubi Qafqazın gələcək taleyini müəyyən edəcək strateji “şahmat partiyası” da demək olar.
Görüşün mətbuata açıq hissəsi hər iki liderin eyhamlı açıqlamalarıyla yadda qaldı.
Məsələn, Putin Ermənistanın Rusiya yönlü siyasi qüvvələrinin qarşıdakı parlament seçkilərində iştirakının önəmli olduğunu vurğuladı. Böyük ehtimal, o, hazırda hakimiyyəti ələ keçirməyə çağırış ittihamıyla ev dustaqlığında olan rusiyalı iş adamı Samvel Karapetyanın partiyasını, eləcə də eks-prezident Robert Koçaryanın liderlik etdiyi bloku nəzərdə tuturdu.
Paşinyanın ona cavabı gözləniləndən daha cəsarətliydi:
“Ermənistan demokratik ölkədir. Bizdə hər zaman siyasi proseslər gedir. Hətta bizdə elə vətəndaşlar var ki, Ermənistanın həddindən artıq demokratik olduğunu düşünürlər. Amma bu, bizim üçün prinsipial məsələdir. Qarşıda parlament seçkiləri durur. Bu seçkilər, əslində, de-fakto baş nazir seçkiləridir. Və mən sizin diqqətinizi ona cəlb etmək istərdim ki, bu seçkilərdə yalnız Ermənistan pasportu olan vətəndaşlar iştirak edə bilər. Bütün hörmətimə rəğmən, Ermənistan Konstitusiyasına görə Rusiya pasportu olan şəxslər nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilərlər” (Paşinyan Rusiya və Kipr vətəndaşı olub baş nazir postuna iddia edən rusiyalı iş adamı Samvel Karapetyanı nəzərdə tutur).
Paşinyanın Rusiyadakı vəziyyətə eyhamla Ermənistanda “demokratiyanın artıqlığı” barədə ironiyasını və namizədlik üçün yalnız Ermənistan pasportunun vacibliyini xatırlatmasını Putinə açıq mesaj hesab etmək olari: “Mənim daxili siyasətimə kənar layihələrlə müdaxilə etmək cəhdləri hüquqi divarla qarşılaşacaq”.
“İki kürk” dilemması
Dialoqun, bəlkə də, ən sərt məqamı Putinin gömrük zonalarıyla bağlı xəbərdarlığı oldu:
“Biz başa düşürük ki, hər bir ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum üstünlüklər axtarır. Amma bu, aydın olmalıdır və əvvəlcədən, necə deyərlər, hələ sahildəykən, dürüstcə deyilməlidir: eyni zamanda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqıyla (Aİİ) gömrük ittifaqında olmaq sadəcə qeyri-mümkündür. Bu, mahiyyət etibarilə mümkün deyil. Burda mövzu heç siyasət də deyil, məsələ sırf iqtisadi xarakter daşıyır”.
Rusiya prezidentinin bu sözlərini ultimatum kimi də qiymətləndirmək olar. Ermənistan Qərbə doğru atdığı hər bir addımla Rusiyadan aldığı ucuz təbii qazı, rüsumsuz ticarət imkanlarını və taxıl tədarükünü itirmək riski yaradır – Putinin mesajı, böyük ehtimal, məhz bu idi. O, Ermənistanın eyni vaxtda iki fərqli iqtisadi qütbdə təmsil olunmasının – üst-üstə iki “kürk” geyinməsinin mümkün olmayacağına eyham vururdu.
Paşinyanın cavabındakı eyhamı daha aydın oldu – Ermənistan lazımi məqamda öz seçimini rəsmən bəyan edəcək:
“Biz, əlbəttə ki, prinsip etibarilə iki birliyə eyni vaxtda üzvü olmağın qeyri-mümkün olduğunu bilirik. Lakin hazırda etdiklərimiz və sahib olduğumuz gündəlik bir-birinə uyğundur. Nə qədər ki, gündəmdə olanları uyğunlaşdırmaq imkanı var, biz onları uyğunlaşdıracağıq. Proseslər hər hansı qərarı qəbul etmək zərurətinin yarandığı nöqtəyə çatanda isə biz — yəni Ermənistan vətəndaşları həmin qərarı qəbul edəcəyik. Təbii ki, bu kontekstdə Rusiya Federasiyası ilə münasibətlərimiz heç vaxt sual altında olmayıb və olmayacaq”.
Əldən çıxan Qarabağ kartı və KTMT böhranı
Bir zamanlar Moskvanın ən güclü təzyiq rıçaqlarından biri olan “Qarabağ kartını” bu görüşdə Paşinyan bfaktiki olaraq masadan götürdü:
“Bəli, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı, amma bu, Rusiyanın ali rəhbərliyinin bunu iki dəfə açıq şəkildə bəyan etməsindən sonra baş verdi”.
O, KTMT-nin “fəaliyyətsizliyi” mövzusunu bu gürpşdə də gündəmə gətirdi, Ermənistan hakimiyyətinin bu qurumdan narazılığını Qarabağ məsələsindən qaynaqlandığını xatırlatdı:
“Ermənistan hazırda KTMT-nin işində sadə bir səbəbdən iştirak etmir: biz xalqımıza izah edə bilmirik ki, nə üçün KTMT 2020-ci ilin payızında Ermənistan və Azərbaycan arasındakı müharibə zamanı və sonrakı üç illik gərginlik dövründə özünün kollektiv təhlükəsizlik müqaviləsi üzrə öhdəliklərinə uyğun reaksiya vermədi, hansı ki, məhz bunun nəticəsində bütün erməni əhalisi Qarabağı tərk etdi”.
Putin daha əvvəl demişdi ki, Rusiya Azərbaycanın tərkibində olan əraziylə bağlı münaqişənin həllinə müdaxilə edə bilməzdi. Halbuki Ermənistan 2021-2022-ci illərdə öz suveren ərazisinin müdafiəsi üçün müttəfiqlərindən kömək istəmişdi.
Silah məsələsində yeni tərəfdaşlar
Dialoqun vacib məqamlarından biri də hərbi-texniki əməkdaşlıqla bağlı deyilənlər idi. Paşinyan Ermənistanın öz ordusunu modernləşdirmək üçün yeni tərəfdaşlar tapmaq məcburiyyətində olduğunu bildirməklə, Rusiyanın onilliklərdir davam edən hərbi hegemonluğuna son qoyulduğuna eyham vurmuş oldu. Bu o deməkdir ki, Kreml Cənubi Qafqazdakı ən sadiq müştərisini itirib.
İttifaqdan qonşuluğa doğru
Moskva görüşü bir daha nümayiş etdirdi ki, Rusiya və Ermənistan artıq strateji müttəfiq deyillər, sadəcə bir-birindən narazı iki qonşudurlar.
Bu görüşü Putin üçün “itirilmiş” tərəfdaşı geri qaytarmaq cəhdi, Paşinyan üçünsə “təhlükəsiz ayrılıq” üçün vaxt qazanmaq taktikası kimi qiymətləndirmək olar.
Hazırda konturları çox dəqiq görünən vəziyyət belədir: Kreml artıq Yerevanı inandıra bilmir, ona görə də hədələyir; Yerevansa artıq Moskvadan qorxmur, sadəcə ehtiyat edir.
Başqa sözlə, regional şahmat partiyasında gedişlər mürəkkəbləşir.
“Politfm”



