Foto: “Depositphotos.com”
Azərbaycanda 2026-cı ilin ilk aylarında (yanvar-aprel) bir sıra məhsulların qiymətində artım müşahidə olunub. Dövlət Statistika Komitəsinin və bazar icmallarının məlumatlarına əsasən, bahalaşma həm ərzaq, həm də qeyri-ərzaq sektorlarını əhatə edib.
Ərzaq məhsulları
Ərzaq inflyasiyası yanvar ayında ötən ilin eyni dövrünə nisbətən təxminən 6.8 % təşkil edib. Bu, qlobal orta göstəricidən 3.2% şoxdur. Azərbaycan bu göstəriciyə görə dünyada 26-cı yerdədir.
Xüsusilə xiyar, pomidor, bibər, badımcan, sarımsaq və kartofun qiymətində artım olub. Meyvələrdən alma, armud, nar və sitrus meyvələri də (naringi, banan) bahalanıb. Rəsmi statistika orta rəqəmləri əks etdirsə də, pərakəndə satış nöqtələrində (market və bazarlarda) bahalaşma 10-15% həddini keçib.
Heyvandarlıq məhsulları
Süd, pendir, kəsmik və qatıq kimi ağartı məhsullarının, həmçinin yumurtanın qiymətində 7% , kolbasa və balıq məhsulların qiymətində isə 8% bahalaşma müşahidə olunub.
Un məmulatları
Makaron, yulaf yarması və şokolad məmulatlarının da qiyməti artıb. Şirniyyaytların qiymətində 15-20% faiz bahalaşma var.
İçkilər və tütün məmulatları
Ötən ilin müvafiq dövrüylə müqayisədə alkoqollu içkilər (araq, konyak, şərab) və tütün məmulatlarının qiymətində 8% artım baş verib.
Yanacaq
Enerji daşıyıcılarının qiymətində də artım qeydə alınıb və bu, digər sahələrə də təsir edib. Statistik hesabatlarda “Aİ-92” markalı avtomobil benzini 10%, dizel yanacağının qiyməti 4.5% artıb. Mühərrik yağlarının qiymətində isə artım son 1 ildə 50% olub. Əvvəllər 50-55 AZN civarında olan keyfiyyətli mühərrik yağlarının qiyməti hazırda 75-80 AZN-ə qədər yüksəlib. Litr hesabıyla götürdükdə isə markadan asılı olaraq minimum 5-15 manat arası bahalaşma müşahidə olunur.
Qeyri-ərzaq məhsulları və xidmətlər
Sement, laminat parket, plastik pəncərələr, divar kağızları, masa və oturacaq mebelləri, xalçalar, istilik sistemləri, mobil telefonlar və zərgərlik məmulatlarının qiymətində 5.7- 6.8% arasında artım qeydə alınıb.
Əhaliyə göstərilən xidmətlər (məsələn, bəzi istirahət və nəqliyyat xidmətləri) üzrə qiymət indeksi təxminən 5,6% artıb.
2026-cı ilin yanvar-fevral aylarında dərman preparatlarının qiyməti 2025-ci ilin eyni dövrüylə müqayisədə 5,7% artıb. Dərmanların aid olduğu qeyri-qida məhsulları qrupunda bahalaşma 3,6% – 3,7% aralığında olsa da, dərman preparatlarında bu göstərici 6% – 8% olub.
Müstəqil ekspertlər hesab edirlər ki, Azərbaycanda bəzi idxal məhsullarında (dərman pereparatları, tikinti materialları, texnika) qiymət artımlarının əsas səbəbi inhisarçılıqdır. Dövlət tərəfindən həyata keçirilən antiinhisar siyasəti süni qiymət artımının qarşısını almaq üçün nəzərdə tutulsa da, bu sahədəki vəziyyət dəyişmir.
Xərclər gəlirləri üstələyir
Azərbaycanda əhalinin xərclərinin strukturuna dair rəsmi statistika göstərir ki, vətəndaşların büdcə xərclərində ən böyük pay məhz ərzaq məhsullarına aiddir. İnsanlar qazanclarının orta hesabla 50-51%-ni ərzaq məhsullarına xərcləyirlər. Bir nəfərin xərclədiyi orta aylıq məbləğ təxminən 550 manat civarındadır. Bunun 300 manatdan çoxu qida, içki və tütün məmulatlarının payına düşür.
Struktur bölümü belə qiymətləndirilir:
• 50.3% — qida məhsulları;
• 4.3% — içki və tütün məmulatları;
• 45.4% — qeyri-ərzaq malları (geyim, yanacaq, məişət texnikası və s.).
İnkişaf etmiş ölkələrdə ərzaq məhsullarına xərclənən pul ümumi vəsaitin 10-15 faizini (ABŞ-də 6.5% – 7%, Sinqapurda 8.5%, Böyük Britaniyada10%, İsveçrədə 10%, Almaniyada 11%) təşkil edir.
Azərbaycandakı 50%-lik hədd göstərir ki, vətəndaşın qazancının yarısı bioloji ehtiyacların ödənilməsinə gedir. Bunlar rəsmi statistikanın rəqəmləridir. Müstəqil iqtisadçılarsa bildirirlər ki, realda aşağı gəlirli ailələrin ərzaq xərclərinin payı ailə büdcəsinin 70-80%-nə qədər çata bilir.
Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manat, yaşayış minimumu isə 317 manatdır. Rəsmi statistikaya görə, 400 manat maaş alan vətəndaş minimum ehtiyaclarını ödəyə bilir və hətta 83 manat da artıq pulu “qalır”. Amma ehtiyac minimumu real qiymətlərlə hesablanmayıb.
Hökumət hesablayıb ki, 4 nəfərlik ailənin zəruri ehtiyaclarını ödəmək üçün 1154 manat lazımdır. Yəni iki valdeynin (317+317) və iki uşağın (260+260) minimum tələbatının ödənilməsinə bu qədər vəsait kifayət edir.
Müstəqil iqtisadçılarsa bildirirlər ki, indiki qiymətlərlə 4 nəfərlik ailənin zəruri ehtiyaclarına 1500-1700 manat tələb olunur. Əgər ailə kirayədə yaşayırsa, bu məbləğin üzərinə 30% əlavə edilməlidir.
Azərbaycanda minimum pensiya 340 manat, yaşa görə minimum pensiya isə 240 manatdır. Aydındır ki, qida, sağlamlıq və digər xərcləri ödəməyə bu məbləğlər də kifayət etmir.
Minimum əməkhaqqı normadan 33% azdır
Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 5 milyon 385 min nəfərdir ki, bunun da 1 milyon 782 min nəfəri dövlət və özəl sektorda çalışır, onların yalnız 35%-i 1000 manatdan yüksək maaş alır. Qalan 3 milyon 603 min nəfərin əksəriyyəti isə müvəqqəti işlərdə çalışanlar və işsizlərdir.
Beynəlxalq standartlara (məsələn, Avropa Sosial Xartiyasının standartlarına) görə minimum əməkhaqqı orta aylıq əməkhaqqının təxminən 60%-ni təşkil etməlidir. Yəni orta maaş 1000 AZN civarındadırsa, minimum maaş 600 manatdan aşağı olmamalıdır. Azərbaycanda bu məbləğ 400 manatdır – normadan 33% az.
Göründüyü kimi, Azərbaycanda mövcud qiymətlərlə gəlirlər arasında ciddi fərq var. Vətəndaşlar zəruri ehtiyaclarını ödəmək üçün əlavə öhdəliklər götürməli olurlar. Bankdan yüksək faizlə kredit götürmək, yaxın adamlardan borc almaq, “nisyə dəftəri” nə “qeydiyyat”a düşmək halları getdikcə daha çox kütləviləşir.
Sosial müqavimətsizliyin yaratdığı fəsadlar
Sosial problemlərin vaxtında həll olunmaması cəmiyyətin bütün strukturlarını zədələyən zəncirvari reaksiya yaradır.
Sosiopsixoloji analizlər göstərir ki, çətinliklər, işsizlik və bərabərsizlik insanları qeyri-qanuni yollara sövq edir. Nəticədə oğurluq, dələduzluq və daha ağır cinayət halları çoxalır. Ümidsizlik fonunda narkomaniya və alkoqolizm kimi asılılıqlar kütləviləşir.
Sosial ədalətin olmaması insanların bir-birinə və dövlətə inamını sarsıdır. Cəmiyyətdə aqressiya, depressiya və gələcəklə bağlı qorxu hissi yaranırr. Bu, həm də ailədaxili münaqişələrə və boşanmaların sayının artmasına səbəb olur.
Savadlı və bacarıqlı fərdlər ölkəni tərk etməyə üstünlük verirlər. Təhsilə maraq azalır, çünki insanlar elmin onlara rifah gətirəcəyinə inanmırlar.
“Politfm”



