Foto: internet
Dünən, martın 27-də Azərbaycan ərazisində, xüsusilə də Bakı və Abşeron yarımadasında müşahidə olunan aramsız yağışlar ciddi fəsadlara yol açıb.
Milli Hidrometeorologiya Xidmətinin və digər rəsmi qurumların məlumatlarına əsasən, dünən respublikada vəziyyət belə olub:
Bakıda və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normanın 542%-nə (128 mm) çatıb. Bu, son 100 ilin ən yüksək göstəricisi kimi qiymətləndirilir. Təkcə bir gün ərzində bəzi ərazilərə 2 aylıq yağıntı düşüb.
FHN-in qaynar xəttinə paytaxtdan və regionlardan gün ərzində 450-dən çox müraciət daxil olub.
Su basmış ərazilərdən ölkə üzrə 50-yə yaxın vətəndaş təxliyə edilib.
“Azərişıq” ASC-nin məlumatına görə, güclü yağış və külək nəticəsində 12 rayonun bəzi kəndlərində elektrik enerjisi kəsilib.
Su altında qalan ərazilər
Paytaxtın Sulutəpə, Biləcəri, Masazır, Xırdalan və Qobu–Hökməli yolu istiqamətində vəziyyət daha gərgin olub. Bir çox fərdi yaşayış evlərini və həyətyanı sahələri su basıb.
Binəqədi və Sabunçu rayonlarında həmişəki kimi yeraltı keçidləri və tunelləri su basıb. Xüsusilə Sabunçu keçidində hərəkət tamamilə dayanıb.
Xırdalan dairəsində və Masazır qəsəbəsinin daxili yollarında kanalizasiya sistemi artmış su yükünə dözməyib, onlarla fərdi yaşayış evinin zirzəmisi və həyəti su altında qalıb.
“Binə” və “Sədərək” ticarət mərkəzlərinin bəzi korpuslarına su dolub, sahibkarlara ciddi maddi ziyan dəyib.
Sabunçu Dəmiryol Vağzalı ətrafında da ənənəvi subasma halları qeydə alınıb.
Bölgələrdəki fəsadlar
Dünənki rekord yağıntı təkcə Bakıyla məhdudlaşmayıb, Azərbaycanın digər bölgələrində də ciddi fəsadlara və infrastruktur problemlərinə yol açıb.
Rəsmi mənbələrə və yerli xəbərlərə əsasən, fəsadların qeydə alındığı rayonlarda vəziyyət aşağıdakı kimi olub:
Neftçala və Salyan rayonlarında yağış bəzi kənd yolları yuyub, əkin sahələrini su basıb. Yağış suları pambıq və taxıl sahələrinə ciddi təhlükə yaradıb.
Lənkəran və Astarada bəzi dağ çaylarının səviyyəsi kritik həddə çatıb. Astara rayonunun bir neçə kəndində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranıb.
Quba və Qusar rayonlarının dağlıq ərazilərində yağışın ardınca qar yağıb. Quba-Xınalıq yolunun bəzi hissələrində kiçik miqyaslı torpaq sürüşmələri və qayalıqların uçması müşahidə edilib. Nəqliyyatın hərəkəti çətinləşsə də, tam kəsilməyib.
Şabran və Xaçmaz rayonlarında bəzi meyvə bağlarını su basıb, drenaj kanallarının daşması nəticəsində yollar palçıqla örtülüb.
Goranboy rayonun bəzi kəndlərində intensiv yağışlar nəticəsində həyətyanı sahələri su basıb, xırda buynuzlu heyvanların saxlandığı təsərrüfatlara ziyan dəyib.
Kəlbəcər və Laçında hava şəraiti daha sərt olub. İntensiv qar və çovğun səbəbindən bəzi strateji yollarda hərəkət məhdudlaşdırılıb, texnikalar yolları təmizləmək üçün səfərbər edilib.
ABŞ-nin və digər beynəlxalq meteoroloji mərkəzlərin peyk görüntülərində siklon dalğasının bölgəni tam tərk etmədiyi görünür.
Martın 29-dan etibarən təzyiqin yüksələcəyi və havanın sabitləşəcəyi gözlənilir.
“Politfm”



