Foto: Vahid Salemi / AP

İranda hərbi dəstək fəaliyyətlərinə cəlb edilən könüllülərin yaş həddi 12-yə endirilib. Bu haqda “Al Arabiya” telekanalı  məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehrandakı nümayəndəsi Rəhim Nədali dövlət televiziyasında çıxış edərək bildirib ki, “vətəni müdafiə edənlərə” dəstək məqsədilə yeni bir kampaniya başladılıb. O, 12-13 yaşlı uşaqların da prosesdə iştirak etmək istədiklərini iddia edərək minimum yaş həddinin rəsmən 12-yə endirildiyini təsdiqləyib.

Məlumata görə, 12 yaşdan yuxarı yeniyetmələr birbaşa ön cəbhədə deyil, köməkçi qismində və təhlükəsiz sahələrə cəlb ediləcəklər. Onlar şəhərlərdə kəşfiyyat və operativ xarakterli patrul xidmətinə qoşulmaq, “Bəsic”in nəzarət-yoxlama postlarında avtomobillərin saxlanılması və yoxlanılmasını təmin etmək, hərbçilər üçün yemək hazırlamaq və çatdırmaq, yaralı əsgərlərə qulluq etmək və tibbi personala digər işlərdə yardım etmək kimi işlərdə çalışacaqlar.

Bu qərar İranda 1 milyon nəfəri əhatə edən ümum səfərbərlik elanı fonunda verilib və regionda hərbi eskalasiyanın pik həddə çatdığını göstərir.

Beynəlxalq reaksiya

Beynəlxalq hüquq müdafiəçiləri və BMT İran yeniyetmələrlə bağlı qərarı tənqid ediblər. BMT-nin Uşaq Hüquqları Konvensiyasına görə uşaqların hərbi və ya münaqişə yönümlü fəaliyyətlərə cəlb edilməsi onların hüquqlarının pozulması sayılır. Bu qərar İranın tərəfdaş olduğu bir çox beynəlxalq müqavilələr də ziddiyyət təşkil edir.

Cenevrə Konvensiyasına görə 15 yaşından aşağı uşaqların hərbi məqsədlərlə istifadəsi müharibə cinayəti sayılır.
UNİCEF və “Human Rights Watch” kimi təşkilatlar da azyaşlıların belə fəaliyyətlərə cəlb olunmasını ömürlük psixoloji travma, təhsildən yayınma və uşaqların legitim hədəfə çevrilməsi kimi qiymətləndirirlər.

“Politfm”