ABŞ dövlət katibi Marko Rubio (Foto: Michael Kappeler / Global Look Press)
G7 ölkələrinin xarici işlər nazirlərinin Parisdə keçirilən görüşünün ikinci günündə ABŞ Dövlət katibi Marko Rubioyla Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas arasında kəskin söz atışması olub. Vaşinqtonun öz müttəfiqlərindən hərbi və regional təhlükəsizlik məsələlərində daha çox maliyyə öhdəliyi götürmək tələb etməsi mübahisə yaradıb.
Marko Rubio deyib ki, Amerikanın vergi ödəyiciləri artıq bütün dünyanın təhlükəsizlik xərclərini təkbaşına ödəmək niyyətində deyillər. O, Avropa ölkələrini öz müdafiə sənayelərini gücləndirməyə və kollektiv müdafiəyə daha çox vəsait ayırmağa çağırıb.
Rubio həmçinin qeyd edib ki, ABŞ-nin Ukraynaya və digər müttəfiqlərinə göndərdiyi yeni yardım paketləri, o cümlədən yüksək dəqiqlikli idarə olunan bombaların tədarükü tərəfdaşların bu istiqamətdəki real addımlarla mütənasib olmalıdır.
Kaya Kallas onun dediklərinə sərt reaksiya verərək bildirib ki, Ukrayna müharibəsinin ağır iqtisadi və siyasi yükü coğrafi baxımdan onsuz da Avropanın üzərindədir. O, təhlükəsizliyin “alver predmeti” olmadığını vurğulayaraq, Vaşinqtonun bu yanaşmasının transatlantik birliyə zərər vurduğunu xatırladıb.
Kallasın fikrincə, ABŞ-nin həm Ukrayna müharibəsində, həm də İrana qarşı mübarizədə Avropanın dəstəyinə ehtiyacı olduğu bir vaxtda müttəfiqləri günahlandırmaq yersizdir.
“Axios” nəşri öz mənbələrinə istinadən yazır ki, Rubio və Kallas Ukraynaya dəstək mövzusunda da mübahisə ediblər. Kallas Vaşinqtonun Moskvaya təzyiqləri artırmaq vədlərini yerinə yetirmədiyini deyərək dövlət katibinə bir il əvvəl dediyi “ABŞ bu tədbirlərə hazırdır” sözlərini xatırladıb:
“Artıq bir il keçib, amma Rusiya geri çəkilməyib. Sizin səbriniz nə vaxt bitəcək?”
Rubio səsinin tonunu ucaldaraq ona sərt cavab verib: “Biz müharibəyə son qoymaq üçün əlimizdən gələni edirik. Hesab edirsinizsə ki, bunu bizdən daha yaxşı bacararsız, buyurun, edin. Biz isə kənara çəkilərik”.
Rubio həmçinin bildirib ki, Vaşinqton hər iki tərəflə danışıqlar aparmağa çalışsa da, silah, kəşfiyyat məlumatları və digər dəstək vasitələrində yalnız bir tərəfə — Ukraynaya kömək edir.
“Axios” mənbələrə istinadən qeyd edir ki, ABŞ-nin dövlət katibi Kallasla dialoq zamanı çox əsəbi görünüb.
Nəşr yazır ki, bu mübahisədən sonra bir neçə avropalı nazir söhbətə müdaxilə edib. Onlar bildiriblər ki, ABŞ-nin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində diplomatik səyləri davam etdirməsini istəyirlər. İki mənbənin nəşrə verdiyi məlumata görə, görüşün sonunda Rubio və Kallas fikir ayrılıqlarını yoluna qoymaq üçün ayaqüstü söhbət ediblər.
Jurnalistlərlə iclasdan sonrakı ünsiyyəti zamanı Rubio hər hansı tənqid və ya fikir ayrılığı barədə məlumatları təkzib edib:
“Orada heç kim qışqırmır, səsini ucaltmır və neqativ heç nə demir”.
O həmçinin qeyd edib ki, ABŞ təhlükəsizlik zəmanətləri müqabilində Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasını tələb etməyib:
“Bu, yalandır. Mən onun (Ukrayna Prezidenti Volodimir Zelenskinin – red.) bunu necə dediyini gördüm və təəssüf ki, o, belə dedi. Çünki o bunun həqiqət olmadığını və ona tam fərqli şeylər deyildiyini bilir”.
Rubionun sözlərinə görə, amerikalılar Zelenskiyə aydın şəkildə bildiriblər ki, zəmanətlər yalnız münaqişə başa çatdıqdan sonra qüvvəyə minəcək.
“Axios” qeyd edir ki, Avropa liderləri Ukrayna üzrə danışıqlar prosesinin durğunluğundan narazıdırlar. Ukrayna nümayəndə heyəti mart ayında Mayamidə Amerika tərəfi ilə görüşsə də, ümumilikdə ciddi irəliləyiş əldə olunmayıb. Rusiya tərəfi isə üçtərəfli danışıqlarda yaranan fasiləni ABŞ-nin diqqətini daha çox Yaxın Şərq münaqişəsinə yönəltməsi ilə əlaqələndirir.
Görüşdə İranın ballistik raket proqramı və Hörmüz boğazındakı blokada problemi də müzakirə olunub. Nazirlər İranın dəniz ticarətinə yaratdığı təhdidlərə qarşı kollektiv sanksiyaların genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Diplomatik mənbələrdən sızan məlumata görə, tərəflər arasındakı fikir ayrılıqları G7-nin yekun bəyanatının hazırlanmasında çətinlik yaradıb.
“Politfm”



