Azərbaycan və Ermənistan arasında sülh prosesi regionda sabitliyin artmasına töhfə verib – ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin yeni hesabatında belə deyilir.
Sənəddə bildirilir ki, 8 avqust 2025-ci ildə Ermənistan və Azərbaycan arasında ABŞ-nin dəstəyilə keçirilmiş sülh sammitinin nəticələrində sülh müqaviləsinin şərtləri üzrə ilkin razılaşma, eləcə də ABŞ tərəfindən idarə olunacaq və Azərbaycanı onun eksklavı olan Naxçıvanla Cənubi Ermənistan üzərindən birləşdirəcək “Tramp Marşrutu”nun (TRIPP) yaradılması planları qeyd edilib.
Hesabatda qeyd olunur ki, “görünür, hər iki tərəf sülh sammitində əldə olunmuş dinamikanı qoruyub saxlamağa hazırdır”.
Sənəddə həmçinin vurğulanır ki, iki ölkə arasındakı sərhəddə atəşkəs rejiminin pozulması halları artıq, demək olar ki, müşahidə edilmir, Azərbaycan ərazisindən Ermənistan istiqamətinə yük daşımalarına qoyulan məhdudiyyətlər də aradan qaldırılıb.
“Bununla belə, sülh sazişinin imzalanmasına maneələr qalmaqdadır. Prezident İlham Əliyev israr edir ki, Ermənistan Qarabağa dair iddiaları öz konstitusiyasından çıxarsın. Bunun üçün Ermənistanda referendum keçirilməlidir, amma nəticənin müsbət olacağına təminat yoxdur” deyə, hesabatda bildirilir.
“Politfm”



