İran Səudiyyə Ərəbistanının paytaxtına raket zərbələri endirib

Bu gün – martın 19-da İran Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket zərbələri endirib.

Səudiyyə Ərəbistanın Müdafiə Nazirliyi dörd ballistik raketin vurulduğunu, onların qalıqlarının paytaxtın müxtəlif ərazilərinə düşdüyünü açıqlayıb.

Bundan başqa, Fars körfəzindəki bəzi ölkələr onların enerji infrastrukturlarına dronlarla hücum edildiyini bildiriblər.

Beləliklə, Yaxın Şərqdəki münaqişədə ciddi eskalasiya baş verir. 

Neft sənayesindəki mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki Yanbu limanında yerləşən ən iri neft emalı zavodlarından biri – SAMREF dron hücumuna məruz qalıb, zavoda ciddi zərər dəyməyib.

“Saudi Aramco” və “ExxonMobil” şirkətlərinin ortaq mülkiyyəti olan SAMREF gündə təxminən 400 min barrel neft emal edir və Səudiyyə Ərəbistanının əsas ixracyönümlü neft emalı müəssisələrindən biri hesab olunur.

Küveytin “Kuwait Petroleum Corporation” şirkəti Mina əl-Əhmədi şəhərindəki neft emalı zavodunun istismar bloklarından birinin dronla vurulduğunu, müəssisədə kiçik miqyaslı yanğın baş verdiyini açıqlayıb.


Bundan başqa, dünən Britaniya Hərbi Dəniz Qüvvələrinə bağlı Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) Qətərin əsas maye qaz istehsalı mərkəzi olan Ras Laffanın yaxınlığında bir gəminin mərmiylə vurulduğunu bildirib.

Qətər hökuməti daha əvvəl bildirmişdi ki, bu sənaye zonası İrandan buraxılan ballistik raketlərin yeni hücumuna məruz qalıb, ərazidə yanğın başlayıb. Daxili İşlər Nazirliyi isə Ras Laffan ərazisindəki bütün yanğınların nəzarət altına alındığını açıqlamışdı.

İsrailin “Cənubi Pars” yatağına dünənki raket zərbələrindən sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) BƏƏ, Qətər və Səudiyyə Ərəbistanında yerləşən bir sıra neft obyektlərinin, o cümlədən SAMREF zavodunun boşaldılmasıyla bağlı xəbərdarlıq etmiş, axşam saatlarında Ras Laffan bölgəsinə ilk dəfə raket atmışdı. Bu ərazidə “QatarEnergy” şirkətinin əsas istehsal obyektləri yerləşir.

Səudiyyə Ərəbistanı Tehranı qonşu ölkələrə hücumları dayandırmağa çağırıb. Ölkənin xarici işlər naziri Feysal bin Fərhan Əl Səud paytaxt Ər-Riyadda ərəb və müsəlman ölkələrinin xarici işlər nazirləriylə görüşdən sonra bəyan edib ki, İranın bu hücumları cavabsız qalmayacaq.

Fevralın 28-dən – ABŞ və İsrailin hava hücumları başlayandan sonra İran Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinə qarşı dəfələrlə raket və dron hücumları həyata keçirib.
Rəsmi məlumatlara görə, zərbələr yaşayış məntəqələrini və mülki infrastrukturu, o cümlədən neft obyektlərini, hava limanlarını, yaşayış binalarını və diplomatik nümayəndəlikləri hədəf alıb.

ABŞ prezidenti Donald Tramp İranın “QatarEnergy” obyektlərinə dünənki raket hücumundan sonra Tehrana sərt xəbərdarlıq edib. O bildirib ki, bu hücumlar təkrarlanarsa, “ABŞ ya İsraillə birlikdə, ya da onun iştirakı olmadan “Cənubi Pars” yatağını elə güclü zərbələrlə və elə böyük miqyasda məhv edəcək ki, İran indiyədək beləsini görməyib”.

“Politfm”