Foto: BBC

 

Ukrayna Prezidenti Volodimir Zelenski martın 17-də Böyük Britaniyada səfərdə olarkən BBC-nin əməkdaşı Lora Künsberqə müsahibə verib.

Künsberq Zelenskidən soruşub ki, Yaxın Şərqdəki münaqişənin Ukrayna mövzusunu arxa plana keçirməsindən narahatdırmı?
“Bu müharibənin Ukraynadakı vəziyyətə təsiriylə bağlı heç yaxşı olmayan şeylər hiss edirəm. Təəssüf ki, Amerikanın diqqəti Ukraynadan çox Yaxın Şərqə yönəlib. Ona görə də bizim üçtərəfli görüşlərimiz daim təxirə salınır. Bunun bir səbəbi var — İrandakı müharibə” – Zelenski belə deyib.

Danışıqlar prosesinin necə getməsiylə bağlı suala isə Zelenski belə cavab verib:

“Prezident Tramp İrana fokuslanıb. Qruplar öz aralarında danışırlar. Bizim qrup Amerika tərəfiylə hər gün danışır. Bilirəm ki, amerikalılar da ruslarla hər gün danışırlar”.

“Amerika tərəfi İrandakı müharibəyə görə hər iki tərəfi ABŞ-də qəbul etməyə hazır olduğunu bildirdi. Biz təklifi qəbul etdik. Amma ruslar Amerikada görüşün əleyhinədirlər. Buna görə də biz hələlik tarix və məkan təklif edərək Amerika tərəfiylə danışıqlara fokuslanmağa çalışırıq. Ukrayna danışıqlar üçün istənilən tarixi və istənilən məkanı dəstəkləyəcək, amma bu məkan qətiyyən Rusiya olmamalıdır” deyə, Ukrayna prezidenti əlavə edib.

Trampın hərəkətlərinin dünyanı daha təhlükəli yerə çevirib-çevirməməsi barədə suala Zelenski belə cavab verib:

“Buna ədalətli cavabım olmayacaq. Mən subyektiv deyil, obyektiv danışmağa çalışıram. Ona görə də hesab edirəm ki, NATO-da istənilən parçalanma hər iki tərəfi zəiflədəcək”.

“Politfm”