İranın Əmək və Sosial Rifah Nazirliyinin qərarıyla İranın yeni təqvim ilindən – 1 fərvərdin 1405-ci ildən (21 mart 2026) minimum əməkhaqqı 60% artırılacaq.
Hazırda 103 milyon rial olan minimum maaş məbləği yeni ildən etibarən 166 milyon rial təşkil edəcək.
Minimum həddən yuxarı maaş alan işçilərin əməkhaqları üçün 45%-lik artım nəzərdə tutulub.
Nazirlik uşaqpulunu, mənzil və digər işçi müavinətləri də artırıb.
Mənzil müavinəti (mənzil kirayəsi üçün kompensasiya) 9 milyon rialdan 30 milyon riala qaldırılıb.
Bu artımların səbəbi kimi İranda rəsmi inflyasiya dərəcəsinin 40%-i keçməsi, rialın xarici valyutalar qarşısında dəyər itirməsi və əhalinin alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi göstərilir.
ABŞ və İsrailin İrana hava hücumları nəticəsində başlamış müharibə fonunda iqtisadi vəziyyətin pisləşməsi hökuməti bu addımı atmağa məcbur edib.
Müstəqil iqtisadçılar və işçi birlikləri 60%-lik artımın indiki vəziyyətdə xilasedici hədd olmadığını, inflyasiya və devalvasiya səbəbindən real yaşayış xərclərinin minimum əməkhaqqının yeni məbləğindən də yüksək olduğunu vurğulayırlar.
“Politfm”



