“İranla müharibəyə girmək niyyətimiz yoxdur”.

Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenskiylə birgə keçirdiyi mətbuat konfransında belə deyib.

O, İraqda Fransa hərbçilərinə qarşı dron hücumu barədə jurnalistlərin sualınlarına cavablandırarkən bildirib ki, 
“Fransa tam müdafiə mövqeyi tutur. Biz soyuqqanlılıq, təmkin və qətiyyət nümayiş etdirməyə davam edəcəyik”.

İraq və Fransanın birgə istifadə etdiyi, Mosulun Mahmur rayonunda yerləşən  hərbi bazaya martın 12-də edilən hücum zamanı Fransa hərbçilərindən biri həlak olub, altısı yaralanıb.

Fransa ordusunun hadisəni araşdırdığını qeyd edən Makron İraqın baş naziri Mohammed Şiya əl‑Sudaniylə danışacağını deyib.

“Hərbçilərimiz beynəlxalq koalisiya çərçivəsində bölgədə terrorun yenidən canlanmasına qarşı mübarizə apararkən və İraqın suverenliyinə xidmət edərkən hücuma məruz qalıblar. Bu, əlbəttə ki, qəbuledilməzdir” deyə, Makron əlavə edib.

İranyönlü qrupdan Fransaya təhdid

Hərbi bazaya hücumun arxasında kimin dayandığı məlum deyil.

Fransa “Charles de Gaulle” aviadaşıyıcı gəmisini bölgəyə göndərdikdən sonra İranyönlü “Əshab əl-Kəhf” silahlı qruplaşması “Teleqram”da paylaşım edərək bildirib ki, “Fransanın İraqdakı və bölgədəki bütün maraqlarını” hədəf alacaqlar.

Amma qrup Fransa hərbçilərinə hücumun məsuliyyətini üzərinə götürməyib.

Fransa Müdafiə Nazirliyinin açıqlamasına görə, yaralı hərbçilər İraqdakı klinikaların birində müalicə olunurlar. Yaralı əsgərlərin və həyatını itirən başçavuşun Fransaya aparılması üçün hazırlıqlar davam edir.

“Politfm”