İlan Şor “Moldovada siyasi iğtişaşlar yaratmaq üçün korrupsiyalaşmış oliqarxlarla və Moskvada yerləşən strukturlarla əməkdaşlıq etməkdə” ittiham olunur.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Yerevanın Qarabağdan köçən ermənilərçün nəzərdə tutulmuş Rusiya yardımından imtina etməsinə sərt reaksiya verib.
Martın 12-də brifinqdə jurnalistlərin suallarını cavablandıran Zaxarova deyib ki, bu addım Ermənistan rəhbərliyinin seçki ərəfəsində Rusiya amilini gündəmdən tamamilə silmək cəhdindən xəbər verir. O, humanitar yardım təklifində heç bir siyasi məqsəd olmadığını iddia edib.
Ermənistan mediasında yayılan məlumatlara görə, bu tip “yardım paketlərinin” hazırlanmasıyla “Avrasiya” təşkilatı məşğul olur.
Bildirilir ki, ötən il Moldovadakı seçki proseslərinə müdaxilə sxemlərini məhz bu təşkilat həyata keçirib; moldovalı rusiyapərəst oliqarx İlan Şor və təşkilatın idarə heyətinin üzvü, bloqer Mika Badalyan maliyyə şəbəkələrini “Avrasiya” vasitəsilə koordinasiya ediblər; kriptovalyuta da daxil olmaqla, həmin şəbəkələrdən seçicilərə rüşvət paylanıb.
“Avrasiya”nın rəhbərliyində Kremlin əsas təbliğatçılarından olan Marqarita Simonyan da var.
ABŞ Maliyyə Nazirliyi “Avrasiya” təşkilatına qarşı sanksiyalar tətbiq edib.
Ekspertlərin qənaətinə görə, rəsmi Yerevan Moldovadakı ssenarinin (seçicilərə rüşvət verilməsi və daxili sabitliyin pozulması hallarının) Ermənistana da tətbiq olunmasından ehtiyat edir.
“Politfm”



