Beynəlxalq Enerji Agentliyi (BEA) bazara 400 milyon barel neft çıxarır.
Qurumun rəhbəri Fatih Birol bildirib ki, bu addım İrandakı müharibəyə və Hörmüz boğazının qapalı olmasına görə bazarda yaranmış təchizat şokunun təsirini azaltmaq üçün atılır və qlobal enerji təhlükəsizliyini qorumağa yönəlib.
Qərar BEA-nın üzvü olan 32 ölkənin öz strateji ehtiyatlarınn müəyyən hissəsini satışa çıxarmağa razılaşması sayəsində verilib. Toplam 400 milyon barellik razılaşma agentliyin tarixində rekord hədd sayılır. Bu həcm 2022-ci ildə – Rusiya Ukrayna hücum edən günlərdə satışa buraxılan 182 milyon bareldən iki dəfədən çoxdur.
Hörmüz boğazı vasitəsilə gündə təxminən 15 milyon barel xam neft və 5 milyon barel neft məhsulu daşındığını, bu həcmin dəniz yoluyla daşınan qlobal neft ticarətinin təxminən 25%-nə bərabər olduğunu xatırladan Birol hazırda boğazdan keçidin demək olar ki, tamamilə dayandığını bildirib.
O qeyd edib ki, alternativ marşrutların məhdud olması və anbarların dolması səbəbindən Yaxın Şərqdə bəzi istehsalçılar neft hasilatını azaltmağa başlayıblar.
Birol enerji və enerji infrastrukturun zərər gördüyünü, baş verənlərin xüsusilə reaktiv yanacaq və dizel təchizatına ciddi təsir etdiyini bildirib.
O, təbii qaz bazarının da çətin dövrdən keçdiyini vurğulayıb. Xüsusilə Qətər və Birləşmiş Ərəb Əmirliklərindən ixrac edilən mayeləşdirilmiş təbii qaz (LNG) üçün alternativ marşrutların məhdud olduğunu deyən Birol son hadisələr nəticəsində qlobal enerji təchizatı təxminən 20% azaldığını, ən çox təsirlənən regionun Asiya olduğunu bildirib.
Birol xatırladıb ki, enerji təhlükəsizliyində ciddi pozuntular baş verdiyi dövrlərdə BEA daha əvvəl beş dəfə koordinasiyalı şəkildə neft bazarına müdaxilə edib.
BEA-ya üzv dövlətlər 1.2 milyard bareldən çox strateji neft ehtiyatlarına və 600 milyon barel sənaye ehtiyatlarına malikdirlər.
Bu dəfə bazara çıxarılacaq 400 milyon barel neftin 172 milyon bareli ABŞ-nin payına düşür. Amerikanın energetika naziri Kris Rayt eyib ki, bu qərarıyla Tramp ölkənin enerji təhlükəsizliyini qorumaq vədinə sadiq qaldığını nümayiş etdirir.
Daha əvvəl ABŞ prezidenti neft qiymətlərini aşağı salmaq üçün strateji ehtiyatlardan istifadə etmək niyyətini təsdiqləmiş və demişdi ki, ölkənin ehtiyatları “bir qədər” azalacaq və sonra yenidən bərpa olunacaq.
Martın 9-da Londonda neftin qiyməti bir barel üçün təxminən 120 dollara yüksəlib. Bir gün sonra ABŞ Prezidenti Donald Trampın İranla münaqişənin tezliklə başa çatacağını deməsi neftin qiymətini 90 dollara qədər aşağı salıb.
“Politfm”



