Foto: “Reuters”. Tehranda neft müəssisəsi vurulub

İranın “qeyd-şərtsiz” kapitulyasiyasının nədən ibarət olacağını Prezident Donald Tramp müəyyən edəcək. Ağ Evdən bunu martın 10-da, müharibənin nə qədər çəkəcəyilə bağlı suala cavab olaraq  olaraq bildiriblər.

ABŞ-nin müdafiə naziri Pit Heqset martın 9-da demişdi ki, 10 mart İrana ən intensiv zərbələrin endirildiyi gün olacaq. Trampsa daha əvvəl hava zərbələrinin “çox tezliklə” başa çatacağını bildirmişdi.

“Əməliyyatlar o zaman başa çatacaq ki, baş komandan hərbi məqsədlərə çatıldığını, onların tam reallaşdığını, İranın tam və qeyd-şərtsiz təslim olduğunu müəyyən etsin” – Ağ Evin sözçüsü Kerolayn Livitt jurnalistlərə belə deyib (“AzadlıqRadiosu”).

Livitt əlavə edib ki, “Tramp İran rejiminin bunu çıxıb özü deyəcəyini iddia etmir. İran artıq ABŞ və müttəfiqlərinə birbaşa və real təhlükə yaratmayanda prezident onun qeyd-şərtsiz təslim olduğunu müəyyən edəcək”.

Amerika prezidenti martın 7-də özünün “Truth Social” platformasında yazmışdı ki, “İran QEYD-ŞƏRTSİZ TƏSLİM OLMASA, onunla başqa heç bir razılaşma olmayacaq!”

Martın 9-da keçirdiyi mətbuat konfransında isə Tramp müharibənin tezliklə bitəcəyini demiş, neftin qiyməti 120 dollardan 90 dollara enmişdi. Hazırda “Brent” markalı neftin bir bareli təqribən 88 dollaradır.

10 mart “ən intensiv zərbələr günü” oldumu?

Martın 10-da sosial mediada yayılan xəbərlərdə İrana hücumların daha intensiv və daha irimiqyaslı olduğu bildirilib. Tehran, Kərəc, İsfahan, Zəncan, Təbriz, Ərak, Şahinşəhr, Buşəhr, Bəndər Ləngəh və Qeşm şəhərlərində partlayışlar baş verib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hava hücumları başladıblar. Tehran buna Körfəz bölgəsinə dronlar və ballistik raketlər atmaqla cavab verib.

Heqset martın 10-da deyib ki, İranın cavab zərbələri azalır. Birləşmiş Qərargahlar rəisi, general Den Keyn bildirib ki, ABŞ müharibənin ilk 10 günündə azı 5 min hədəfi vurub, buna 50-dən çox donanma gəmisi də daxildir.

HRANA insan haqları qrupunun məlumatına görə, ABŞ-İsrail birgə hücumlara başlayandan hərbçilər də daxil, İranda azı 1700 nəfər ölüb.

“Politfm”